"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr

Çox maraqlı, ziddiyyətli, təlatümlü və təhlükəli dövrə gəlib çıxmışıq. Dünən Qüdsdə ABŞ səfirliyinin açılması və qanlı hadisələri mətbuatdan hamınız gördünüz. Mən həmin bölgəyə və oradakı qüvvələr balansına həmişə emosiyasız, dini doqmatik baxışları qatmadan baxmağa çalışmışam. Aşağıdakı yanaşmamı nihilist kimi də dəyərləndirə bilərsiniz.
Qüdsü səlibçilərdən geri almış Səlahəddin Əyyubi haqqında "Cənnətin Krallığı" (Kingdom of Heaven) filmində Qüdsün mühasirəsindən sonra təslim şərtlərini müzakirə edən xaçlı ilə maraqlı dialoq var. Sonda xaçlı Səlahəddindən soruşur ki, Qüdsün dəyəri sənin üçün nədir, o, cavabında deyir "heç nə, sonra gülümsəyib deyir "və hər şey"". (https://www.youtube.com/watch?v=ThBOw3ja6hU)
Yəni, məsələ burasındadır ki, bu şəhər istəsək də, istəməsək də milyonlarla insan üçün, əvvəllər nə olmuşdusa, gələcəkdə də tarix üçün o olacaq. Yəni, Qüds Səlahəddin Əyyubi kimi çox müdrik ağıllı rasional, soyuqbaşlı, strateq və dövlət adamı üçün şəxsən heç bir məna daşımasa da, bu şəhərin hakimiyyət və güc üçün əhəmiyyətini çox yaxşı anlayırdı. Bu şəhərin həmin mənası o vaxtdan dəyişməyib.
Bir çoxları soruşur ki, dünən baş verənlərə ərəb ölkələrindən demək olar ki, heç bir reaksiya gəlmədiyi halda nə üçün məhz Türkiyə və İran belə canfəşanlıq edirlər. Cavab isə çox sadədir. Yaxın Şərqdə regional güc olmağa potensialı çatan və həqiqi can atan iki iddialı dövlət var. Regionda liderliyə can atan qüvvə məntiqi olaraq anti-amerikanizm və anti-Qərb ideologiyanı, "əzilmiş məzlum xalqların yanında olmağı (Fələstin)" seçməlidir. Bu regiondakı özünü xilaskar kimi təqdim etməklə milyonlarla insanın qəlbini və ağlını fəth etməyin ən qısa və məntiqi yoludur.

Dekabrda Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra maraqlı bir fakt işıqlanmışdı mətbuatda. Trampın qərarını bütün ərəb ölkələri pisləmişdi, mətbuatda gedən məlumata əsasən Misir İsrailə mesaj göndərmişdi ki, siz bizim açıqda nə deməyimizə və hay-küyümüzə fikir verməyin, əməkdaşlığımız əvvəlki formada davam edəcək. Qınaya bilərsiz, amma Misir hazırda regional hegemonluq və liderlik üçün potensialı və iddiası olan ölkə deyil, Misir son illərin təlatümlərindən sonra özünü qorumağa çalışan, iqtisadi problemlərə əlləşən, quraqlıqdan, artan əhali, və onu yedizdirməyə çalışan, qeyri-effektiv dövlət və siyasi sistemi olan ölkədir. Digər ərəb dövlətlərinin özlərinin öz dərdləri var. Əslində beynəlxalq münasibətlər nəzəriyyəsinə əsasən maraqlarını qorumağa çalışan çox realist və rasional praqmatik aktorlardır.
İndi gələk dünən baş verənlərin emosional tərəfinə. Sırf humanizm baxımdan insan faciəsidir və təəsüf doğurur. Ümumiyyətlə, hər məsələyə olduğu kimi bu məsələyə ictimai müzakirələrdə münasibət bir biri ilə barışmaz iki diametral mövqeyə bölündü. Birincilər, bir mənalı şəkildə həmin hadisələrə görə İsraili, bütün yəhudiləri və Qərbi günahlandırıb, qargüruh formada lənətlər və şüarlar yağdırırlar. İkincilər, hər cür formada və şəkildə İsraili müdafiə etməyə, bu məsələnin ərəblərin problemi olduğunu bizə aidiyyəti olmadığını göstərirlər. Onları şərti olaraq qərbpərəstlər də adlandırmaq olar. Əslində üçüncülər də var. Sadəcə onlar azdır və kütlələr tərəfindən anlaşılmır. Bunlar Qərb təhsilli, Qərbin liberal və sol intellektual düşüncəsinin təsirində olanlardır ki, onlar da İsraili və onun hazırkı hakimiyyətini tənqid edirlər. Onlar da İsraili Qərbin həmin liberal və sol intellektualları kimi tənqid etməyə çalışırlar.
Əslində Qüds və Fələstin məsələsinə Azərbaycanda yuxarıdakı birincilərin və ikincilərin münasibəti çox mühüm fundamental məqamı açıq çılpaqlığı ilə ortaya qoyur. Bu da istər birincilərin, istərsə də ikincilərin Qərbi və Qərbdə İsrailə/yəhudilərə münasibətin incəliklərini yaxşı anlamamasıdır. Bu incəlikləri anlamama hər iki tərəfi məsələyə maksimalist bir birinə diametral zidd yanaşamaya sövq edir. Birincilər doqmatik olaraq hesab edir ki, bütün Qərb birmənalı şəkildə həmişə İsraili və yəhudiləri tam dəstəkləyi(b)r. İkincilər isə hesab edir ki, əgər qərbpərəstsənsə bir mənalı şəkildə İsraili və yəhudiləri dəstəkləməlisən, necə olur olsun. Bir qərblinin və ya qərbpərəstin İsraili tənqid etməsi onların beynində əvvəlcə "Error" qısaqapanma verir, çaşdırır, daha sonra ən inanmır və şübhə ilə yaxınlaşır.
Bütün bunlar təəssüf ki, bizim dünya, xüsusilə Qərbin müasir ictimai-fikir və intellektual tarixi haqqında ictimai şüurumuzda biliklərin və informasiyanın çox bəsit, zəif, kasad və eybəcər formada olmasından irəli gəlir. Azərbaycan ictimai şüurunda Qərb haqqında stereotiplər "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"dakıdan uzağa hələ çox getməyib. Əksinə sovet dövrünün qatı-anti qərb təbliğatı, sonrakı dövrdə konspirativ rus və türk mətbuatı, İran təbliğatı ilə çox eybəcər formaya düşüb. Nəticədə ortada hər şeyi olduğu kimi görünə bilinmir. Özünü Qərbi tanıyanlar hesab edənlər heç də sevinməyə tələsməsin. Əgər digər tərəf hər şeyi qara rəngdə görürsə, digərləri də hər şeyi ağ kimi göstərməyə çalışır. Məsələn, hətta Qərbdə təhsil almış və yaşamış adamlara Qərb ölkələrinin xarici siyasətlərində xristian, xristian təəssübkeşliyinin nə qədər dərin alt qatlarda bəzi məqamlarda necə həlledici rol oynadığını sübut etmək olmur. (https://www.facebook.com/fuad.chiragov/posts/10153769582867298)
Məncə özümüzü bu qədər tənqid kifayətdir, keçək o biri tərəfə. Dünən Qüdsdə səfirliyin keçirilməsi ilə bağlı mərasimin canlı yayımına baxanda dəhşətə gəldim. Dəhşətə gətirən məqam səfirliyin açılması ilə bağlı mərasimdə ABŞ-dan olan yevangelist keşişlərin çıxışları oldu. Nə qədər fanatizm, nə qədər doqmatizm olar? Dəhşət idi! İŞİD-çi fanatik psixoloji tip, sadəcə inanclar fərqlidi.
ABŞ cəmiyyətində yevangelistlərin necə əhəmiyyətli mövqeyə sahib olması və respublikaçılar partiyasının əsas dayağı olması haqqında yəqin ki, eşitmisiniz, bir neçə il ərzində də dəfələrlə yazmışam. Yazmışam ki, ABŞ-ın daima İsrailə dəstək verməsinin səbəbini yevangelistlərin görüşündə İsrailə münasibəti və dispensionalist nəzəriyyəni bilmədən tam anlamaq mümkün deyil. Bir neçə dəfə də yazmışam ki, kimsə mənə (xüsusilə fanatik Qərbpərəstlər) ABŞ-ın xarici siyasətində (eləcə də digər Qərb ölkələrinin) xristianlıq məsələsinin rol oynamadığını deməsin. İzləyənlər yaxşı bilir ki, 2016-cı il respublikaçıların seçki kampaniyası namizədlərin kim daha çox xristian yarışı idi sanki.
Məsələn, dünən Qüdsdə səfirliyin açılması ilə bağlı bu başdan xarab yevangelist keşişi tanıyın Dr. Robert Jeffress -https://www.facebook.com/ajplusenglish/videos/1199924270149078/ Bu xəstə təkcə İslamın yalançı şeyani din olduğuna inanmır. Həmçinin inanır ki, yəhudilər yolundan azmışlardı. Bu yevangelistlər həqiqətən inanır ki, bir gün yəhudilər həqiqəti anlayacaq, İsa Məsihi qəbul edəcəklər. Ona qədər isə Əhdi Ətiqdə (Ветхий Завет, Old Testament) vəd edildiyi kimi yəhudilər həmin müqəddəs torpaqlarda qayıtmalı və toplanmalıdırlar. Yəni, digər xristianlar kimi əslində yevangelistlər yəhudilərə elə də, yaxşı yanaşmırlar, onlara aralıq dövr kimi baxırlar. Yevangelistlərə görə İsrail dövlətinin yaranması müqəddəs kitablarda göstərilib və bu vədin (пророчество) yerinə yetirilməsində iştirak edənlər Allah tərəfindən mükafatlanır(b) (blessed). Onlara görə ABŞ-ın qüdrətinin (ilahi, divine) səbəbi odur ki, ABŞ İsraili qoruyur və vədin (пророчество) yerinə yetirilməsinə şərait yaradır. Bu onların fanatik düşüncəsi, adi üstündə fanatik, qeyri-rasional düşüncə. https://www.facebook.com/fuad.chiragov/posts/10153053186397298
Gəldik ən vacib yerə - rasional və materialist düşüncəyə, mənim bəzən sitat verdiyim cost/benefit formuluna. Məsələ burasındadır ki, bugünkü Qərbi qərb edən məhz İntibah dövründən başlayan, bütün dini doqmaları inkar edən məhz bu materialist düşüncə və rasional "cost/benefit" formulunun hakim olması oldu. Qərbin liberal ateist intellektual ictimai fikrinin əsasında Nitşenin və Hegelin "Allah öldü (God is dead)" doqması oturdu. Nəsə bu istiqamətdə əsasən Avropa həddindən artıq uzağa da getdi, kilsələr bağlandı və s.
İndi görürük ki, Nitşenin xristianlar üçün dediyi olmayıb, ən azından ABŞ-dakı yevangelistlər üçün. Avropada da Nitşenin öldü dediyi xristian Allahını Rusiya diriltməyə çalışır (https://www.facebook.com/fuad.chiragov/posts/10155883597287298 : http://newtimes.az/az/politics/4041/ )
Şəxsən mənə görə Trampın ABŞ səfirliyinin Qüdsə köçürməsi ilə bağlı qərarı çox qeyri-rasional, dünyadakı ABŞ-ın mövqelərinə, maraqlarına zidd addım olmaqla, dünyadakı bütün yəhudiləri hədəfə qoyan, onlara qarşı düşmənçiliyi artıracaq bir addımdır. Milyonlarla insanlar və kütlələr mənim yuxarıda yazdığım mürəkkəb prosesləri anlamayacaq, çox sadə konspiroloji izahlar tapacaq. Bu addımla milyonlarla müsəlmanlar arasında onsuz da yüksək həddə olan anti-amerikanizm daha da alovlanacaq. Həm də belə bir şəraitdə, ABŞ-ın mövqelərini dünyada itirdiyi və zəiflədiyi bir şəraitdə, Çin qütbünün ortaya çıxdığı şəraitdə https://www.facebook.com/fuad.chiragov/posts/10156193767917298
Görünən odur ki, imperiyalar özlərinin qürublarına doğru həqiqətən səhv ardınca səhv etməklə özlərinin sonlarını daha da yaxınlaşdırırlar. Bu bir obyektiv tarixi qanunauyğunluqdur. Bu səhvlər barəsində hələ 5 il əvvəl amerikalıların özləri üçün yazmışdım https://sldinfo.com/…/re-shaping-the-u-s-global-role-the-v…/ Bu səhv yol haqqında ABŞ-ın özündə də həyəcanla danışırlar https://www.facebook.com/NowThisPolitics/videos/2052517461446400/Amma görünən odur ki, "hamı dəli olmaqdadı".
Ən pis tərəfi odur ki, gələcəkdə arada yəhudilər qalacaq. İnsanları inandırmaq olmayacaq ki, məsələn ABŞ-ın bu qərarının arxasında əslində ABŞ yəhudiləri yox, yevangelistlər durub, amerika yəhudilərinin ən qabaqcıl nümayəndələri bu qərarın əleyhinə olub, amerika yəhudiləri seçkilərdə həmişə İsraili teoloji doktrinal müdafiə edən respublikaçılar partiyasına yox, daha çox demokratlara səs verib. İnandırmaq olmayacaq ki, həmin yəhudilərin əslində məsələlərə münasibəti necə olub https://www.facebook.com/fuad.chiragov/posts/10155835562167298
Məsələ burasındadır ki, ABŞ ictimai rəyi həddindən artıq qütbləşib, ona görə də əvvəlki on illərdən fərqli olaraq administrasiyalar arasında siyasətdə ardıcıllıq görünmür, bir qütbdən o birinə keçir, əvvəl İranla nüvə sazişi imzalanır sonra üstündən xətt çəkilir, əvvəl kontinental ticarət müqavilələri imzalanır, sonra üstündən xətt çəkilir. Yəni, heç kim qarantiya verə bilməz ki, ABŞ-da sabah Obamaya bənzər birisi prezident seçiləndən sonra Trampın etdiklərinin üstündən xətt çəkməyəcək.
Kim müdafiə edəcək İsraili sabah? Hansı Qərb, Avropa? Yaxşı tədqiq edənlər yaxşı bilir Avropada yəhudilərə münasibət deyərdim ki, əvvəlki əsrlərə münasibətdə heç də elə böyük dəyişikliyə uğramayıb. Avropada liberal-solların yəhudilərə münasibəti onların qurban obrazlarını istismar etməsinə görə 1970-ci illərdən dəyişdi. Avropanın sağ, milliyyətçi və xristian fundamentalistləri isə yəhudilərə heç də Amerikanın yevangelistləri kimi baxmır. Avropada yəhudi xalqının faciəsi əslində təkcə Xolokostla bitmir. Onların bütün Avropadakı tarixləri təqiblər, poqromlar və qətillər tarixidi. Bütün anti-semit ideologiyaların, Sion müdriklərinin protokollarının, konspirasiyaların mənşəyi Avropadı. Şərq deyil.
Aprelin 21-də BMT Baş Asambleyasında Trampın Qüdsü tanıması qərarını 128 - 9 səs çoxluğu ilə qəbul etmədi. Bu cür təklənmək olmaz. Məncə Avroviziya yarışmasında ölkələr iştiraklarını baykot da edəcəklər.
Ən təəssüf edən və təəccüb edən məqam odur ki, necə bu qədər yüksək intellektual potensialı olan, başı bu qədər faciələr yaşamış xalq bu cür yalnış yolda ola bilir və düşmənlərini artırır. Ümid edirəm ki, gələcəkdə sağlam qüvvələr ortaya çıxacaq bu səhvləri düzəltməyə çalışacaq. Mən yəhudi xalqına dini sxolastik və önyarqılı (prejudice) baxmıram, bir mənalı şər görmürəm (Evil). Bizdə anti-semitizm olmayıb, o bizə ilk olaraq Rusiya yəni Avropadan gəlib.
P.S. Burda yazılanlar yalnız və yalnız mənim şəxsi subyektiv fikirlərimdi. Əgər başqa yerdə bu yazını paylaşmaq istəsəniz, bu məqamı xüsusi qeyd edin.

Fuad Çıraqov - 15 may 2018




Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?