Müxalifətin prinsipsizliyi haqqında

2011-ci ildə yazıçı Rafiq Tağı dünyasını dəyişəndə əsas mübahisələrdən biri dindarlarla sekulyarlar arasında idi. Məlum məsələdir: Rafiq Tağı dindarların düşməni idi. Yazılarına görə dindarlar ona ölüm hökmü çıxardıb və dini yazısına görə həbsdə yatıb. Buna görə də dindarlar demək olar ki, onun öldürülməsinə sevinirdi.

Həmin vaxt müxalifətin cəmləşdiyi İctimai Palata adlı bir qurum var idi. R.Tağının qətlindən bir neçə gün sonra İP-nın iclaslarının birində təklif olunmuşdu ki, yazıçı 1 dəqiqəlik sükutla yad edilsin. O vaxt orada təmsil olunan Hacı İlqar İbrahimoğlu və digər mühafizəkar dindarlar buna etiraz etmişdi. Müxalifət liderləri də ölkədəki xalqın çoxunun dindar olmasını nəzərə alıb dindarların dediklərini etmişdilər.

2010-cu ildə "Alma" qəzetində türk yazıçı Turan Dursunun din mövzusunda yazısı tərcümə olunaraq dərc olunmuşdu. Yazı dindarların qəzəbinə səbəb olmuşdu. Deyerler.org (Hacı İlqar İbrahimoglunun saytı) başladı qınaq yazılar yazmağa, daha sonra bir-bir siyasilərdən açıqlama aldı. İllərdir, ifadə azadlığı deyə haray çəkən siyasilərin hamısı başladı, "Alma"nı tənqid etməyə (Erkin Qədirlidən başqa). Hamı dedi ki, bu, tərbiyəsizlikdir, bunlar həddini aşıb və s. Biri çıxıb demədi ki, bu, ifadə azadlığıdır. Çünki yazıda təhqir yox idi, tənqid var idi.
Məsələ budur ki, onlar elə bilirdilər, bununla xalqı özünə çəkəcəklər. Anlamadılar ki, ortaya xarizma, ideoloji baxış qoymaq lazımdır. Yuxarıda qeyd etdiyim hər 2 hadisədə kütlənin dediyini dedilər. Hansı ki, onlar özlərinə lider deyirdi və onlar kütlənin dediyini yox, kütlə onların dediyini deməli idi.

Buna oxşar bir hadisə də Ramil Səfərovla bağlı olmuşdu. Hamısı çıxıb bir balta ətrafında birləşib bəyanat vermişdi.
Bu gün də Türkiyədə baş verənlərə eyni reaksiyanı verirlər. Kütlə "Türkiyədə demokratiya qazandı" deyir deyə, bizimkilər də başlayıblar eyni sözləri təkrarlamağa. Öz ölkəsində diktaturaya qarşı mübarizə apardıqlarını bəyan edənlər Erdoğanı demokrat adlandırır.
Bəli, hərbi çevriliş pis hadisədir, ancaq Erdoğan Türkiyədə elə bir durum yaradıb ki, orada hakimiyyət dəyişikliyi üçün az qala hərbi çevrilişdən başqa yol qalmayıb. Adam çıxıb 100 minlərin qarşısında "Edam olsun" deyir, bizimkilər də buna "demokratiya birliyi" adı verir. Əslində burada dəhşətli hadisə yoxdur, bizim müxalifət həmişə belə davranıb. Heç vaxt öz dəsti-xətti ilə getməyib. Nizamnamələrində liberallıq, sosial demokratlıq və s. kimi cümlələr yazılsa da, heç vaxt oradakı ideoloji baxışa sadiq qalmayıblar.
Bu hadisələrdə sadəcə dəhşətli olan REAL-çıların ortaya qoyduqları mövqedir. Ən azı gənc nəsil onlara daha çox inanırdı. 100 nəfərlə "REAL fərqlidir" deyə dava etmişəm, amma onlar da eyniləşir. Bu ayrı mövzudur və bu haqda başqa vaxt geniş yazaram.

Pərviz Əzimov - 8 avqust 2016-cı il

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr