Natiq Cəfərli böhran haqqında yazır - 08.12.2015
Ölkəmiz çox ağır və uzunmüddətli böhranın ortasına doğru sürətlə irəliləyir. Bizim tənbəl və savadsız hökumətimiz zamanı boşa xərclədi, imkanlarımızı tükətdi, daha az ağrılı, insanlarımıza az təsir edə biləcək islahat aparma imkanlarını yelə verdi. Dövlət qurumlarımız da, iqtisadiyyatımız da terapeftik üsullarla, “iynə-dərmanla” artıq sağalmayacaq, bu fürsəti qaçırdıq, indi cərrah üsulları ilə, əməliyyatla, ağrılı və sancılı reabelitasiya dövrü ilə dövlətimizi və iqtisadiyyatımızı sağaltmalıyıq. Çətin olacaq, sancılı olacaq, amma indi əməliyyat etməsək, çürüklərimizi kəsib atmasaq, bütün “bədən” qonqrena verəcək, dövlətimiz də, müstəqilliyimiz də təhlükə altına düşəcək.
Belə ağrılı, çətin əməliyyat aparmaq üçün təcili legitim, xalq tərəfindən ehtimad qazanan, xalqın müəyyən iqtisadi çətinliklərə bir müddət dözməsi üçün mənəvi və intellektual gücü olan hökumətə ehtiyac var. Bunun yolu isə təcili təkrar, azad parlament seçkilərinin keçirilməsindən, azad seçkinin nəticəsinə uyğun olaraq xalq ehtimadı hökumətinin yaradılmasından keçir! Başqa yol yoxdur, hətta bu ehtmad hökumətinin də cəmi 2 il zamanı olacaq ki, sürətlə islahatları həyata keçirtsin və ilkin pozitiv nəticlər əldə etsin, xalq 2 ildən sonra onlardan da hesab soracaq. Ölkədə xaosun, xaotik və inqilabi dəyişikliklərin qarşısının alınmasının yeganə yolu budur! Top indi hakimiyyətdədir, papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər, ya hakimiyyəti bölüşməklə normal dövlət qurmağa yardımçı olacaqlar, ya da xaosun qurbanına çevriləcəklər və o zaman xaos tək onları qurban kimi “yeməyəcək”, bütün xalqımıza ziyan vuracaq...

Yorumlar
Yorum Gönder