Ana Yasa düzəlişlərilə bağlı təkliflərə dair düşüncələrim (ikinci yazı)
1. Tekst və kontekst.
1995-ci ildəki Konstitusiya layihəsini oxuyan kimi (tesktdən) anlayırdın ki, söhbət çox güclü, faktiki olaraq qeyri-məhdud Prezident hakimiyyətindən gedir. Dərhal hər şey aydın oldu, orası-burası olmadı. O tekstin konteksti də aydın idi. 1995-ci ilin Konstitusiyası - ölkənin deyil, neftin əsas qanunu oldu. Böyük neft şirkətləri və onların maraqlarını siyasətə daşıyan Qərb hökumətləri Azərbaycanda demokratik parlament, koalisyon hökumət və s. istəməyiblər. Onlar yalnız bir adamla danışmağı, yalnız onunla bütün işləri həll etməyi üstün tutublar (riskləri azaltmaq üçün). Həmin adamın şəxsiyyəti onları maraqlandırmırdı, təki o, hakimiyyəti əlində saxlaya bilsin. İş elə gətirdi ki, həmin adam Heydər Əliyev oldu. Amma Qərb üçün burası prinsipial deyildi - hakimiyyəti əlində saxlaya bildiyini təsirli şəkildə göstərən istənilən adamı dəstəkləyəcəkdilər.
Konstitusiyada Prezidentə, faktiki olaraq, qeyri-məhdud hakimiyyətin verilməsi bir tək Heydər Əliyev'in şəxsi iddiaları məsələsi deyildi. Əslində H. Əliyev 1995-ci ildə o qədər də güclü deyildi ki, hamıya öz iradəsini yeridə bilsin. Qərbin burada dəstəyi böyük olub. Neft kontraktlarının hər dəfə parlament tərəfindən təsdiqlənməsini də Qərb tələb edib. Hüquqi baxımdan belə təsdiqləmə çox mənasızdır - neft kontraktları dövlətlərarası müqavilə deyil ki, parlament onları təsdiq etsin. Amma ölkənin çox zəif vaxtlarında Qərbin bu tələbinə gedildi. Nəticədə, neft kontraktları nə qədər absurd olsa da, ölkə qanunlarından üstün sayıldı. Bunun daha ağır ziyanı onda oldu ki, hər beş ildən bir önəmli neft və qaz kontraktları imzalanırdı və elə həmin intervalda da parlament seçkiləri keçirilirdi. Neft kontraktları parlamentdə sorğulanmasın deyə, Qərb seçkilərin saxtalaşdırılmasına göz yumdu. Təbii ki, bütün bunlar iqtidarın birbaşa marağında idi, amma kontekst daha geniş olub (bir tək iqtidarın bacara biləcəyi iş olmayıb).
2002-ci ildə Konstitusiyaya ilk dəyişikliklər təklif olundu. Layihənin tekstini oxuyanda, hər şey aydın oldu - söhbət hakimiyyətin Heydər Əliyevdən İlham Əliyevə ötürülməsindən gedirdi. "İkincilik" Milli Məclis sədrindən alındı, Baş Nazirə verildi. "Bu, bir nəfərə görə deyil", - deyirdi YAP. Amma hər kəsə hər şey aydın idi. Qərb də bu dəyişikliyi dəstəkləmişdi. 2003-cü ildə böyük pozuntularla keçirilmiş seçkilərin nəticələri rəsmən elan olunmamış ABŞ-dan İlham Əliyevə təbrik gəlmişdi. Kontekst də həmin idi - Konstitusiya hələ də neftin əsas qanunu olaraq qalırdı. Hələ daha bir neçə neft və qaz kontraktı imzalanmalı idi. Qərbə sabitlik lazım idi, onu da, riskə girməmək üçün hakimiyyətin atadan oğula ötürülməsində gördülər. Monarxiyadan söhbət getmir, təbii ki, amma respublikalıqdan da danışmağa bəhanə qalmadı.
2009-cu ildə Konstitusiyaya yeni dəyişikliklər təklif olundu. Yenə də tekstdən hər şey aydın oldu - söhbət eyni adamın iki dəfədən artıq Prezident ola bilməsindən gedirdi. YAP yenə "bu, bir adama görə deyil" deyirdi. Amma bu dəfə də hər kəsə dərhal aydın oldu ki, bu dəyişikliklər İlham Əliyevə görə edildi. Qərb də bu dəyişikliyi dəstəklədi. Eyni məqsədlə - riskə girməmək üçün.
İndi, bu il, Konstitusiyaya yenə dəyişikliklər təklif olunub. Tekst aydındır. Amma nə qədər qəribə görünsə də, bu dəfə kontekst tam aydın deyil. Hər halda, oxuyan kimi aydın olmur. Gəlin, birlikdə, addım-addım düşünək.
2. Vitse-prezidentlər məsələsi.
Bu, haradan çıxdı? Nə gərək var? Öz hakimiyyətini gücləndirmək istəyən özünə müavinlər təyin edib, onlara toxunulmazlıq verərmi? Tekstual səviyyədən aydın olmur. Gəlin, kontekstə baxaq.
Təxminən üç il bundan öncə mən yazmışdım ki, siyasi sistemi dinc yolla dəyişmək üçün Prezidentin güclü hakimiyyətinə (qeyri-məhdud səlahiyyətlərinə) ehtiyac olacaq. Yeni hökumət gəlsə də, buna ehtiyac duyacaq. Ona görə, keçid mərhələli olmalıdır. O zaman mən təklif etmişdim ki, Konstitusiyaya dəyişiklik edilsin, parlament iki otaqlı olsun.
Problem ondadır ki, xalq tərəfindən seçilən Prezident və xalq tərəfindən seçilən birotaqlı parlament prezident respublikaları üçün qətiyyən yaramayan, ona əlavə risk və təhlükələr yaradan formatdır. Prezident respublikalarının hamısında parlament ikiotaqlıdır (bunun ərazi quruluş formaları ilə əlaqəsi yoxdur). Mən də təklif etmişdim ki, bizdə, ən azından parlament respublikasına keçənə qədər, parlament ikiotaqlı olsun. Belə sistemdə yuxarı otaq bufer rolunu oynayır - xalq tərəfindən seçilən Prezidenti və aşağı otağı bir-birindən ayırır, münaqişə ehtimalını azaldır.
Aydındır ki, ölkəmizin faktiki kobud gerçəkliyini də nəzərə almaq gərəkdir. Mənim təklifimdə parlamentin aşağı otağı xalq tərəfindən azad və ədalətli seçkilər yoluyla formalaşmalı idi və seçkilərə müdaxilə olunmamalı idi (heç bir saxtakarlığa yol vermək olmazdı). Təbii ki, sistemin indiki halında, kimliyindən asılı olmayaraq, heç bir Prezident buna getməz. Daha doğrusu, yalnız bununla kifayətlənməz. Durduğu yerdə kim parlament seçkilərini əldən versin? Niyə? Kobud gerçəklik başqadır, onu siyasətdə mütləq nəzərə almaq gərəkdir. Ona görə də, təklif etmişdim ki, parlamentin aşağı otağı tam demokratik seçildiyi halda, onun yuxarı otağı qeyri-demokratik yolla (örnəyi, təyinatla) formalaşa bilərdi.
Aşağı otağın demokratik yolla formalaşması Prezident hakimiyyəti üçün birbaşa risk yaratmayacaqdı, çünki aşağı otağın əksər qərarları, yuxarı otağın təsdiqi olmasa, qanuni qüvvəyə minə bilməzdi. Yuxarı otaq bufer rolunu oynayacaqdı. Yuxarı otaq Prezidentə loyal olacaqdı, bunun da nəticəsində Prezidentin özü aşağı otaqla heç bir münaqişəyə girməyəcəkdi, onu buraxmaq ehtiyacı da olmayacaqdı. Bununla belə, aşağı otaq tam demokraik bir qurum olacaqdı, içində partiyaların fraksiyaları yaranacaqdı, xalq da demokratiyaya yavaş-yavaş öyrənəcəkdi. Mətbuat, biznes və başqa çevrələr oyanacaqdı. Bir sözlə, sistem dinc yolla dəyişməyə başlayacaqdı. Növbəti mərhələdə ölkə ya parlament respublikasına keçəcəkdi, ya da prezident respublikasında qalıb, parlamentin yuxarı otağına da tam demokratik seçki keçirməyə başlayacaqdı.
Bu təklifi verəndə onun olduğu kimi keçməyəcəyini anlayırdım (sadəlövh deyiləm). Amma belə bir keçidi düşündüyümə görə açıq yazmışdım. İndi bu dəyişikliklər layihəsi üzərində düşünürəm və getdikcə qənaətə gəlirəm ki, 'vitse-prezidentlər məsələsi mənim dediyim yuxarı otaq məsələsinin başqa bir forması ola bilər. Aydındır ki, indiki iqtidar qarşılaşdığı bütün riskləri unudub, parlamentin yuxarı otağını yaratmaz, ona yüksək səlahiyyət və deputat toxunulmazlığı verməz. Amma indiki dönəmdə Prezidentə (təsisatı deyirəm, şəxsiyyəti yox) bufer gərəkdir. Vitse-prezidentlər, parlamentin yuxarı otağının oynamalı olduğu rolu oynayacaqlar - parlamentlə Prezident arasında bufer olacaqlar. Sadəcə, yuxarı otaqdan fərqli olaraq, vitse-prezidentlərin özlərini, səlahiyyətlərini və toxunulmazlığını Prezident təkbaşına müəyyən edəcək. Bununla qarşılaşa biləcəyi riskləri azaltmış olacaq. Niyə belə düşünərəm? Gəlin, növbəti addıma baxaq.
3. Milli Məclisin buraxılması məsələsi.
Bəs. buna nə gərək var? Milli Məclis indiki siyasi sistemin ən zəif ünsürlərindən biridir - nüfuzsuz, təsirsiz, gücsüz. Belə parlamenti buraxmaq səlahiyyəti Prezidentə niyə verilsin ki? Bekarçılıqdan deyil, hər halda! Vitse-prezidentlərin bufer rolu haqqında gumanım doğrudursa, onda parlamentin buraxılmasının mənası ümumi kontekstdən aydın ola bilər. Parlamentin buraxılması səlahiyyəti müxalifətin parlamentə buraxılması anlamına gələ bilər. Doğrudan, əgər müxalifətin heç olmasa bir, amma önəmli hissəsini parlamentə buraxmaq məqsədi yoxdursa, tam öz adamlarından ibarət parlamenti buraxmağa nə gərək var? Öz adamları da getdikcə azalır, özünüz görürsünüz.
Deməli, parlamentə nisbətən, amma gözlə görünə biləcək dərəcədə azad və ədalətli seçki keçirib, oradakı müxalifətin rəsmiləşməsinə fürsət açmaqla, eyni zamanda, parlamenti buraxmaq səlahiyyətini öz əllərində saxlamaq istəmiş ola bilərlər. Seçkiləri saxtalaşdırmaq yerinə, bəyənmədikləri parlamenti qanuni yolla buraxmaq imkanları olacaq. Belə düşünmək üçün daha bir əsas var.
4. "İkinciliyin" Baş Nazirin əlindən alınması.
Təklif olunan dəyişikliklər layihəsində "Prezidentlik növbəsi" Baş Nazirdən alınır, Birinci Vitse-Prezidentə verilir. Niyə?
İndiyə kimi Baş Nazirin rəsmən ikinci şəxs sayılıdğı halda, bu vəzifəyə iddialı, bacarıqlı, görünüşlü adamı təyin etmirdilər ki, Prezidentin yanında yeni iddiaçı formalaşmasın. Baş Nazirdən "ikinciliyin" alınması, guman ki, bu vəzifəyə az öncə saydığım keyfiyyətdə olan adamın təyinatına yol aça bilər. Bacarıqlı Baş Nazirin Prezidentliyə iddiası yaranmasın deyə, ondan, bir tərəfdən, "ikinciliyi" alırlar, digər tərəfdən, ehtiyac yaranarsa, onu parlamentə qurban verə bilərlər. Burada Prezident həm Baş Naziri, həm Milli Məclisi kontrolda saxlaya bilər.
5. Yeddi illik müddət, yaş həddinin götürülməsi, növbədənkənar seçkilər.
Yeddi illik müddətlə hər şey aydındır - yuxarıda yazdıqlarım doğru çıxarsa, onları gerçəkləşdirmək üçün daha uzun zaman tələb oluna bilər. Yaş hədlərinin götürülməsi, bu sistem üçün çox da önəmli məsələ deyil (bu haqda sonra yazaram). Növbədənkənar seçkilərə gəlincə, bu dəyişikliklər qüvvəyə minərsə, həm Prezidentliyə, həm də Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi gumanı çox yüksəkdir.
6. Qərb nə deyəcək?
Məncə, Qərb hər şeyi bilir. İnanıram ki, bu cür dəyişiklikləri Qərblə məsləhətləşmədən etməzlər. Əslində, son iki il ərzində bizim Qərb diplomatları ilə söhbətlərdən bunu anlamaq olar. Retrospektiv bunu daha aydın görmək olur. Bizə verdikləri sualların təyinatını və istiqamətini xatırlayanda, bu dəyişikliklərin ümumi konteksti, tam da olmasa, nisbətən aydın olur. Üstəlik, neft dövrü bitmək üzrədir. Ölkənin pulu sürətlə azalır. Pulun azalması hökumətin də hakimiyyətini azaldır. Konstitusiya əvvəlki kimi neftin əsas qanunu ola bilməyəcək. Sistem yeni çağırışlara uyğunlaşmalıdır. Qərbin buradakı hökumətdən bir sıra tələbi və gözləntiləri var. Hökumətin də Qərbə ehtiyacı böyüyür. Siyasi sistemdə bəzi açılımlara başlanğıc vermək potensialı varmış kimi görünür.
P.S. Burada yazdıqlarım - pozitiv ssenaridir. Hərtərəfli düşünməyiniz üçün yazdım. Mən özüm də düşünməyə davam edirəm. Neqativ ssenarini və dəyişikliklərin hüquqi təhlilini növbəti yazılarımdan oxuya bilərsiniz. Ardı olacaq.
Erkin Qədirli - 22 iyul 2016

Yorumlar
Yorum Gönder