Türkiyə və insanlıq haqqında 5 status
Məndən tez-tez soruşurlar ki, filan şey haqqında nə düşünürsən, mən də bütün sualları cavablandıran belə bir post yazmaq qərarına gəldim. (Zarafat edirəm, heç kim məndən heç nə soruşmur. Sadəcə digərləri kimi vacib biri olduğumu göstərməyə çalışıdım).
Deməli son günlər Türkiyə haqqında düşündüyüm, amma, yazmadığım bir neçə statusu bu postda birləşdirdim. Reaksiyanın olsa, müzakirəni davam edə bilərik.
***
Status #1. Hərbi çevriliş etmək, əlbəttə ki, cinayətdir və qəbuledilməz bir məsələdir. İllər ərzində əri tərəfindən döyülən arvadın ərini baltalaması kimi bir şeydir. Etməli deyilsən. Dözməlisən. Nöqtə! Bununla bərabər, insanları çölə çıxardıb, siyasi rejimi güc ilə istefaya göndərmək də düzgün deyil. Başqa məsələr də qəbuledilməzdir, məsələn, seçkilərin saxtalaşdırılması, konstitusiyanın elitanın mənafeyinə uyğun dəyişilməsi. Sadəcə, seçkinin saxtalaşdırılması və konstitusiyanın dəyişilməsindən fərqli olaraq, siyasi rejimin hərbi və ya inqilab yolu ilə dəyişdirilməsinə əksər hallarda mövcud rejimin etdiyi və etmədiyi işlər səbəb olur.
***
Status #2. Ramiz Rövşən bir dəfə müsahibədə yaxşı bir söz demişdi: “Hakimiyyəti seçki yolu ilə dəyişmək mümkün deyilsə, deməli onu hər gün dəyişmək mümkündür.” Deyəcəksiniz ki, “Axı Türkiyədə azad seçkilər var. Orada insanların əksəriyyəti Erdoğana səs verib.” Demokratiyanı hələ qoyaq bir qırağa (çoxları hələ də düşünür ki, bir ölkədə səslər düzgün sayılırsa, deməli ,orada demokratiya var), seçki prosesi özü seçki günündən ibarət deyil. Əgər ölkədə ilin 364 günü azad söz boğulursa və yalnız seçki günü istədiyinə səs vermək imkanın varsa, orada seçkilər avtomatik saxtalaşdırılmış hesab edilir. Çünki informasiya asimmetriyası (hər tərəf üçün seçicilərə qeyri-bərabər çıxış) bütün prosesin legitimliyini şübhə altına alır.
***
Status #3. Türk orudusu şəxsən mənim üçün (və əminəm ki, minlərlə digər azərbaycanlı üçün) prinsiplərə sadiqliq, şərəf, korrupsiyaya bulaşmamaq və yüksək dəyər nümünəsi olub. Türkiyə kimi həssas bir yerdə ordunun demokratiya keşikçisi olması mənim üçün məhz bu səbəbdən nəinki qəbuledilən, hətta ən məntiqli bir addım idi. Düşünürdüm ki, demokratiyaya ziyan verən bir neçə güclü cərayanın (millətçilik, din və solçuluq) hər birinin Türkiyədə güclü olması ordunun məsələni daima nəzəratdə saxlamasını labüd edir. Xüsusən də dediyim kimi, ordu yüksən dəyərlərə və prinsiplərə sahibdirsə, bu, lap gözəl. Amma, bir şeyi qəbul etmək lazımdır ki, bu formatı uzun müddət saxlamaq böyük bir yanlışlıq idi. Müasir cəmiyyətdə, ordunun istədiyi zaman ölkə siyasətinə qarışması məqbul deyil. Türkiyədə ordu yavaş-yavaş arbitr funksiyasından imtina etməli idi. Əgər bir əsr ərzində Türkiyədə ordunun nəzarəti olmadan demokratiyanın müstəqil fəaliyyət göstərmək bacarığına nail ola bilməyiblərsə, bu, bütövlükdə türk cəmiyyətinin günahıdır və indiki proseslər də bunun məntiqli nəticəsidir.
***
Status #4. Türkiyədəki hərbi çevriliş cəhdi haqqında çoxlu qaranlıq məqamlar var. Çox məqamlar var ki, ciddi suallar doğurur. Məsələn, hamıya aydın idi ki, uğursuz hərbi çevriliş cəhdi Erdoğanı daha da güclü və daha da repressiv edəcəkdi. Bunu bilərək, əgər hərbi çevrilişə gedirsənsə, yaxşı hazırlıqlı olmalısan. Çünki risk etdiyin təkcə öz canın deyil, minlərlə əsgərlərin həyatı, o cümlədən milyonlara türkün gələcəyidir. İkincisi, qarşı çıxdığın şəxs də adi siyasətçi deyil. Ölkənin yarısının dəstəyinə sahib olan və son dövrün ən nüfuzlu şəxslərindən biridir. O elə bir şəxsdir ki, telefonla müraciət imkanı olmasaydı da, xeyli sayda insan küçələrə çıxıb, onun uğrunda vuraşacaqdı. Bunu bildiyindən ya heç nə etməyəcəksən, ya da edəcəksənsə, bunu elə miqyasda etməlisən ki, uğur ehtimalın çox yüksək olsun. Üçüncüsü, hərbi çevriliş sürətlə keçirilən və tez başa çatan bir prosesdir. Cəhd uzandısa, çevriliş edənlər məğlubiyyətə məhkumdurlar. Biz bu sürəti müşahidə etdikmi? İlk saatlarda hər hansı nazirlik binası və ya rəsmisi tutuldumu? Dördüncüsü, təyyarə ilə dövlət binasının bombalanması heç bir dövlət çevrilişinin planı ola bilməz. Özünüz düşünün, bununla nəyə nail olmaq istəyirdilər?
***
Status #5. “Filankəs çox güclü siyasətçidir” sözünü çox eşidirik. Bu cümlə mənim üçün heç zaman heç bir şey ifadə etməyib. Güclü siyasətçi olub, nə edib? Saxtakarlıqlara baxmayaraq hakimiyyətdə qalıb? İnsanlarla manipulyasiya edib, dəstək qazanmağa davam edir?... Bizə indi siyasətçilər yox, dürüst, müdrik və gələcəyə baxa bilən insanlar lazımdır.
“Siyasət çirkin şeydir” deməyinizin səbəbini bilirsiniz? Çünki özünüz də o işi edəsi olsa idiniz, çirkli edəcəkdiniz. Bunu başqa cür edilə biləcəyinizi belə ağlınıza gətirə bilmirsiniz. Bizdə dürüst, müdrik və gələcəyi düşünə bilən nəinki siyasətçi, heç normal sayda adam yoxdur.
Hər şeyi sinikləşdirib bu səviyyəyə gətirmişik. “Siyasət çirklidir.” “Filankəs ancaq öz maraqlarını düşünür.” “Filankəs bəhmənkəsə işləyir.” “Bu yeyib doyub, o birisi isə ac gələcək.” Bunları deyə-deyə bura gəlmişik. Siz heç övladlarınızı düşünürsünüz? Siz onlara nəcə bir cəmiyyət təhvil verəcəyinizi düşünürsünüz? Deyəcəksiniz ki, babat ölkəyə köçərlər, daha yaxşı yaşayarlar. Sizlərə pis xəbərim var. Bu cür düşüncə dünyanın hər yerində var, məhz elə ona görə Tramp (Trump) ABŞ prezidenti olmaq ərəfəsindədir, Britaniya Avropa Birliyindən çıxır və Türkiyə orta əsr dövlətinə çevrilir.
Biz insanıq. İnsan daima xoşbəxtlik axtarışında olmalıdır. Bizim kimi, əlində olanla kifayətlənməməlidir. İnsan ətrafı düşünməlidir. Bizim kimi yalnız özünü deyil. İnsan gələcəyi fikirləşməlidir. Bizin kimi keçmişi deyil. İnsan mənasız ideologiyalarla özünü digərlərindən ayırmalı deyil, problemləri həll etmək üçün digərləri ilə birləşməlidir...
Vüqar Salamalı - 19 iyul 2016-cı il

Yorumlar
Yorum Gönder