Oşonun Rolls Royce kolleksiyası. Rasionalizm spiritualizmə uduzurmu?
İntellekt sahibi, incəsənət xadimi bir paytaxt sakini, olduqca xüsusi bir nəsnə göstərəcəyini vəd edərək ehtiramla qutuları açmış, zərfin içindəki külü göstərmişdi-"Hindistandan gəlib, Sai Baba (hindistanlı bir quru-anadan olduğu kəndin yaxınlığında aeroport tikilib) barmaqlarını birbirə sürtür və bu kül yaranır" demişdi.
Son dövrlərdə böyük bir mədəniyyətin zəif mirasçısı olaraq dünyanı ən çox dolamış uluslardan biri Hindistandır. İngiliscənin ən sərt aksentlərindən birinə sahib olduqları halda, youtube-da ingiliscə öyrənmək üçün videoların çoxu hind aksentlidir-aksentlərini düzəltmədən dünyaya ingiliscə öyrədirlər. SSRİ kimi kosmik ölkəni melodramaları ilə dəli eləmişdilər. Məşhur filmə 70 milyon sovet izləyicisi baxmışdı, filmlərinin əsas süjet xətti kasıbların fəzilətli olduğu idi-bəlkə də SSRİ-ə buna görə sərf edirdi.
Dünyanın başqa yöndən quruları ilə gic ediblər. Yerindən duran dünyaya ağıl öyrədir. Oşo, Krişnamurti, Çopra, Sai Baba-bizim adını eşitmədiyimiz yüzlərlə quruları var. Elmin-texnologiyanın hesabına rahata qovuşan qərblilər ucuz spiritualizm üçün ciddi vəsaitlər xərcləyirlər. Oşonun Rolls Royce kolleksiyası vardı-o vəsait təbiətin qorunması üçün xərclənsəydi insanlığa daha faydalı olardı (Hərkəs öz pulunu necə xərcləməkdə azaddır, daha rasional seçim etmələri arzuolunandır).
Belə cümlələr qurmaqla milyonlarca oxucuya sahib ola bilirlər. Düşünəndə ki, Amerikada David Koreş kimi biri onunla birgə ölməyi seçən 50 müridə sahib ola bilir, Hindistanda bir şəxsin yuxusunda tanrıların ondan süd istəmələrini görməsi xəbər olunca bütün dünyadakı hintlilər süd qablarıyla məbədlərə axışıb, bəlkə də normal qarşılamaq olar. Rasionalizmin yerləşməsi çox yavaşdır, spiritualizmlə rəqabət etməkdə çətinlik çəkir.
Son zamanlarda, düşüncə tarixinin vacib şəxlərinin, sosiologiya və psixologiya məktəblərinin, yeni tarix yazımının, menecment nəzəriyyələrinin müzakirə olunmadığı mühitdə Oşo, Krişnamurti, Sai Baba, Caner Taslaman, Castaneda kimi spiritualistlər çox ciddiyə alınır-bunlar inkişaf etmiş cəmiyyətlərdə boş vaxtın dəyərləndirilməsi üçün istifadə oluna bilər, ancaq özünə yol axtaran fərdlər və uluslar üçün doğru seçim olmadığı dəqiqdir.
Yalçın İslamzadə - 23 sentyabr 2016

Yorumlar
Yorum Gönder