Xəyal qurmaq və yaşamaq uğrunda mübarizə haqqında
Kaliforniya Universiteti, Psixologiya və Beyin Elmləri departamentinin araşdırmasına əsaslanaraq, xəyal quran iştirakçılar kreativ düşünmə testində digərlərindən 41% çox müvəffəq olublar. Elm adamları üçün xəyal qurmaq hətta əsas məsələlərdən biridi. A. Eynşteyn nisbilik nəzəriyyəsini ərsəyə gətirmək üçün uzun müddət xəyal qurmuşdu.
Koqnitiv psixologiyada xəyalqurmanın 3 növünü ayırırlar:
1) Diqqətsizlik xəyalqurması: əsas fikir əməliyyatına və ətraf mühitə fokuslanmaq lazım olduğu halda xəyala dalmaq fikri cəmləməni dağıdır. Fikirli adam işini yerinə yetir bilmir, mənfi təsir əmələ gətirir.
2) Günahkar-disforik xəyalqurma: narahatlıq, inamsızlıq xəyalları. Bu tip xəyallar həm də başqaları haqqında obsessiv, düşmən, aqressiv fantaziyaları özüylə birlikdə gətirir.
3) Pozitiv-konstruktiv xəyalqurma: yeni ideya, təxəyyül, duyğulara yönəldən xəyallar. İxtiraçıların, elm adamlarının xəyalları bura aiddir.
Bundan da əhəmiyyətli olan xəyal qurmaq, düşünmək üçün insanların içində olduğu sistemin sosial-iqtisadi vəziyyətidi. Hər kəsin özünə nə qədər vaxtı qalır. Məsələ budur. İş saatlarından və gecə yuxusundan əlavə qalan zamanda xəyal qurmağa da vaxt qalırsa, fərdin şəxsi həyatının, nəticədə toplumun məhsuldarlığı artır. Özünü realizə edə bilən fərdlərin mühitindən isə, əlbəttə, Nobel mükafatçılarının, hər sahədə güclü liderlərin, şəxsiyyətlərin çıxması labüd olur.
Bizim ölkədə gündən-günə pisləşən vəziyyət ən əsası insanların boşa qalan vaxtını daraldır. Sistem insanların xəyallarını oğurlayır. Aşağı gəlirli ailələr, kənd sakinləri, fəhlələr üçün vəziyyət elə əvvəldən kritik idi. Əmək hüquqları qorunmayan, səhərdən axşama kimi gündəlik 3-5 manata işləyən sıravi insanlar özlərinə vaxt ayıra bilməzlər. Elə işlər var ki, heç həftəsonu istirahəti yoxdu. Ölkədə bir günlük istirahəti belə olmayan işlər və mağmın işçilər var. Bu halda , xüsusilə gənc nəslin nümayəndələrindən hansısa mədəni inkişaf, fəaliyyət gözləmək də əbəsdi. Üstəlik mental düşüncənin də natamam olduğu, mənasız inancların hökm sürdüyü toplumda, təbii ki, yuxarıda sadalanan 1-ci və 2-ci tip xəyallar dominant olmalıdır.
İsveçdə iş rejimi 8-9 saatdan 6 saata qədər azaldılmaqdadır. İnkişaf etmiş ölkələin çoxunda bu proses planlaşdırılır. Müasir texnologiya onsuz da buna imkan verir. Bundan sonra imkanlar daha da genişlənəcək. Bəşər övladı elmi, mədəni-ictimai nailiyyətlərə boş qalan zamanlarında xəyal qurmaqla nail olmuşdu, xəyal quraraq sənəti, sənətkarlığı kəşf etmişdi. Modern insanın 200000 illlik yaşı olduğu halda, fəlsəfənin, elmin, mədəni sivilizasiyanın 3-4 min illik tarixi var. Son 100 ildə isə təbiəti və kainatı 3-4 min ildəkindən daha çox başa düşüb. Səbəb də odur ki, əcdadların qida, sığınacaq, vəhşi təbiətdən təhlükəsizliyi təmin etməkdən boş vaxtları qalmırdı. O vaxtlarda ancaq yaşamaq uğrunda mübarizə vardı. İndi ölkədəki vəziyyətin bundan çox da fərqi qalmayıb: yaşamaq uğrunda mübarizə.
Niyyət Bayramzadə - 31 iyul 2016

Yorumlar
Yorum Gönder