İkinci kvant inqilabı - Avropa elmin yeni beşiyinə çevrilir

Kvant fizikasının gətirdiyi inqilabi yeniliklər nəinki ölkələr, artıq qitələrarası rəqabətə çevrilməyə başlayıb. Mayda Hollandiyanın ev sahibliyi etdiyi Avropa Kvant Konfransında “Kvant Manifesti”nin bəyanatı verilidi. “Kvant Manifesti”nin məqsədi elm, mühəndislik, sənaye və sahibkarlıq fəaliyyətilə müştərək olaraq kvant texnologiyasının bütün potensialını ortaya çıxarmaqdı. Konkret olaraq, manifestin bəyanatında məqsədi belə açıqlanır: Avropanı ikinci kvant inqilabında dünyada lider halına gətirmək. İkinci kvant inqilabı elə də uzaq deyil, 2018-ci ildən başlayaraq 2035-ə qədər davam edəcək texnoloji revolyusiyanın adıdır.
Birinci kvant inqilabı 1900-cu ildə dahi fizik Maks Plankla başladı, 20-30 il ərzində Nils Bor, Verner Heyzenberq, De Broyl, Eynşteyn, Pauli, Şredinger, Dirak kvant nəzəriyyəsinin bazasını qurdular. Əsrin ortalarında nəzəri fizik Feynman nəzəriyyəni interqal yolu ilə yenidən işləyib hazırladı. Buna baxmayaraq “mən kvantı başa düşə bilmirəm, amma işləyir” dedi. Kvant nəzəriyyəsi faktiki olaraq biologiya, kimya, genetikaya təsir etdi. Texnikanın quruluşunu, sürətini dəyişdi. Fəlsəfənin varlıqla bağlı fundamental suallarına verilən cavabları yenilədi. İndi bəşər övladları bir-biriylə saniyələr tərtibində əlaqə qura bilirlərsə, kvant nəzəriyyəsinin və onu ərsəyə gətirənlərin sayəsindədi. Kvant nəzəriyyəsi, bəlkə də, insan növünün əldə etdiyi ən böyük xəzinədi. Bu haqda əvvəl yazmışdım.

İndi bəşəriyyət ikinci kvant inqilabının astanasındadı. “Google”, “Microsoft”, “IBM”, “Intel” kimi texnologiya nəhəngləri post-inqilab liderliyini əldə etmək üçün milyonlar sərmayə qoyurlar. Bu yaxınlarda Danimarka, Kopenhagen Universitetində tanış doktorant fiziklərdən biri xəbər verdi ki, araşdırma qrupumuzu dəstəkləyən “Microsoft” ayırdığı vəsaiti limitsiz elan etdi.
Sözügedən “Kvant Manifesti” ilə Avropa Birliyi də güclü rəqabətə hazırlaşır. Birliyə üzv ölkələrdən, Avropanın nəhəng şirkətlərindən, Avropa Komissiyasının çağrısı ilə 2018-ci ilə kimi 1 milyard avro yatırım planlanır. Bununla Avropa atom kvant saatları, kvant sensorları, şəhərlərarası kvant rabitəsi, kvant simuyatorları, kvant interneti və universal kvant kompyuteri quracaq, inşa edəcək. Bir sözlə, Avropa gələcəyin elm, enerji, sağlıq, təhlükəsizlik və ətraf mühit problemlərinin həllində əsas rolu üstlənir.
Maraqlı bir məqam var. Yuxarıda adları sadalanan dahilər birinci kvant inqilabını Avropada reallaşdırmışdılar. Kontinental fəlsəfəsiylə, sosio-ekonomik ideologiyalarla, cərəyanlarla, elm və sənayə inqilablarıyla dünyaya postmodern quruluşu vermiş Avropa “Kvant Manifesti” ilə yeni inqilabın- ikinci kvant inqilabının da beşiyi olmağa hazırlaşmaqdadı.
Foto: Rəqəmsal İqtisadiyyat üzrə Avropa Komissarı, İqtisadiyyat naziri Niderlanadda kvant laboratoriyalarının birində.

Niyyət Bayramzadə - 26 iyun 2016-cı il


Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr