Dünya dinlərin iddia etdiyi kimi mükəmməldirmi?


Gözlüklü ilahiyyatçı əli qolunu ölçüb "göz mükəmməldir" desə də, ən az 56 göz xəstəliyi mövcuddur.
Görünən işıq elektromaqnit spektrin 1%-indən azdır.
Teleskop və mikroskop olmasa idi, insanların mikroorqanizmlərdən xəbəri olmaz, Ayı hələ də qüsursuz göy cismi hesab edərdilər.
Hippokrat müasir tibbin qurucusudur, Asklepion rahibləri nəslindən olsa da, ənənəvi tibbi qəbul etməmiş, xəstəliklərin təbii səbəblərdən yarandığını müdafiə etmişdir, klinik tibbin və tibbi etikanın qurucusu sayılır. 
"Epilepsiya digər xəstəliklərdən heç də daha səmavi, ya da müqəddəs deyil. İnsanlar cəhalətlərindən onun səbəbinin səmavi olduğunu düşünürlər". 

Afinada yayılmış vəbaya qarşı tədbir görmək üçün Afinaya dəvət olunur. Dəmirçilərin vəba tutmadığını müşahidə edir və xəstəliyin quru və isti havada yayılmadığı nəticəsinə gəlir. Evlərdə ocaq yandırıb havanı qurutmağı, cəsədləri yandırmağı, suları qaynatmağı məsləhət bilir.
Sənayeləşmə nəticəsində şəhərlərin əhalisi sürətlə artır, kanalizasiya sistemi olmadığı üçün tez-tez vəba epidemiyaları yayılır. Doktor Snow epidemiyalara kanalizasiya sularının qarışmasının səbəb olduğu nəticəsinə gəlib, epidemiyanın ilk qaynağı olan nasos stansiyasını müəyyən edir və bağlatdırır.
Vəkil Chadwick genişmiqyaslı gigiyena reformu hazırlayır, müasir kanalizasiya sistemi qurulur və bütün dünyaya yayılır.

O dövrdə əsas problemlərdən biri də yüksək ana və uşaq ölümləri idi. "Çəkdikləri əzabın şiddətindən dəhşətə düşmüş qadınlar gördüm". Ölümlərin əsas səbəbinin Levenhukun kəşf etdiyi mikroskopla müşahidə etdiyi mikroblar olduğunu Semmelweis müdafiə edir, doktorların əməliyyatlardan əvvəl əllərini xlorlu suyla yumasını tövsiyyə edir, bunu etməyən həkimlərə "sizi qatil elan edəcəm" deyə məktublar yazır. Sonralar Paster və Koxun işləri müasir mikrob nəzəriyyəsini yaradır.

Ulduzların fonunda mükəmməl yaradılışdan danışanlar, arada tibb tarixini də oxusunlar, saysız-hesabsız virus, bakteriya və qurdların səbəb olduğu xəstəliklərdən və bunların ancaq fədakar həkimlərin, alimlərin və ictimai xadimlərin zəhməti ilə aradan qaldırıldığından xəbərdar olsunlar. 

Mikrob nəzəriyyəsinin, anesteziyanın və gigiyenanın kəşfi 19-cu əsr kimi yaxın zamana aiddir. Buna qədər mükəmməl kainatda insanlar sonsuz əzab çəkiblər. Yəqin 30 il sonra, artıq indi baş bəlası olan xəstəliklər aradan qaldırılanda kainatın mükəmməl olduğundan daha ürəklə danışacaqlar. Onda güman ki 6000 genetik xəstəliyin də ortadan qaldırılmasının bir yolu tapılacaq.

Yalçın İslamzadə - 01 oktyabr 2016

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr