Möhtəşəm geridönüş

Şənbə günü 2016-17 Çempionlar Liqasının final matçı olacaq. ÇL-in ən titullu klubu bu turnirin finallarının ən uğursuz klubuna qarşı oynayacaq. Real Madrid 11 dəfə turnirin qalibi, Yuventus isə cəmi 2 dəfə qalib olmaqla yanaşı, düz 6 dəfə finalda məğlub olub.
Çoxlarının Yuventusa azarkeşlik edəcəkləri gözlənilir. 10 il öncə belə şeyi təsəvvür etmək mümkün olmazdı. O zamanlar hamı deyirdi ki, italyanlar darıxdırıcı və maraqsız oynayır. Əminəm ki, bu dəyişikliyin səbəbi təkcə qeyri-Real azarkeşlərinin Reala qarşı olmaqları deyil. Bunun başqa səbəbləri var. Onu da izah etməyə çalışacam.
Düz 10 il öncə Yuventus İtaliyanın ikinci liqası – Seria B kubokunu başı üstündə qaldırmışdı. Bu həm klub, həm də azarkeşlər üçün çox ağır vaxtlar idi. Cəmi bir il öncə dünyanın ən güclü bir neçə klublarından biri, İtaliya yığmasının 2006-cı il dünya çempionluğunda aparıcı rol oynamış komanda məhkəmənin qərarı ilə cəzalandırılmış, çempionatda əldə etdikləri nəticələr təxirə salınmış, ən pisi isə ikinci diviziona göndərilmişdi.
Heç kim belə adlı-sanlı kluba qarşı bu cür ağır cəza veriləcəyini gözləmirdi. Hətta 2006 dünya çempionatında İtaliya yığmasının qələbə qazanması ümid verirdi ki, Yuventusa qarşı daha yumşaq qərar veriləcək. Elə olmadı və növbəti mövsüm İtaliyanın ən titullu klubu tarixində ilk dəfə Serie B-yə düşdü.
Klubun dünya səviyyəli heyətinin böyük əksəriyyəti komandanı tərk etdi. Bəziləri bunu komandanın xahişi ilə etdi. Əksəriyyəti öz fərdi maraqları komanda maraqlarından daha üstün tutdular. Qalanlar arasında ən tanınmışları David Trezeqe, Pavel Nedved və üç cari dünya çempionu Kamoranezi, Del Pyero və Buffon oldu.
Həmin ana qədər Yuventus o qədər güclü idi, hamı elə düşünürdü ki, həmin mövsüm onlar üçün sadəcə istirahət ili olacaq və növbəti ildən etibarən Yuventus yenidən öz layiqli yerinə geri dönəcək. Mən elə düşünmürdüm. Ona görə yox ki, pessimist idim. Sadəcə, belə zərbədən sonra ayağa qalxmaq asan olmur.

Yuventus 2007-ci ildə, proqnozlaşdırıldığı kimi, çətinlik çəkmədən Serie B-nin qalibi oldu. Amma növbəti mövsümlər komandaya baxmaq olmurdu. Klub çox acınacaqlı vəziyyətdə idi. 2010-cu ilin mayında Yuventusun sədrliyinə Andrea Anyelli gətirildi. 34 yaşlı bu cavan oğlan klubun maliyyə probemlərini həll etməli, onu dayanıqlı biznes layihəyə çevrilməli idi.
Anyelli biznesi necə idarə etməyi çox gözəl anlayırdı və klubun geri dönüşü qısa müddətdə baş verməyəcəyini, bu istiqamətdə addım-addım irəliləməli olduqlarını bilirdi. O, pulları bahalı oyunçulara yox, uzunmüddətli inkişafa yönəltməyin vacibliyini dərk edirdi. Anyelli Avropanın digər klub rəhbərləri kimi, işin idman tərəfinə girmirdi. Onun vəzifəsi oyunçular və məşqçilər üçün münbit şəraitin yaradılması idi.
Bir haşiyə çıxım ki, Yuventus azsaylı klublardan biridir ki, tarixən klubun hər bir üzvünə xüsusi, yalnız həmin şəxsin görməli olduğu rol ayrılır və onun icrasına ona tam və mütləq inam verilir. Bu meydançada da elədir, pərdəarxasında – klub idarəçiliyində də.
Yeni sədr vəzifəsinə gələn kimi, klubun maliyyə işlərini yola qoymaq üzərində işə başladı. 2008-ci ildən bəri tikilməyə başlayan və 2011-ci ilin sentyabrında istifadəyə verilən yeni stadion bu işi daha da asanlaşdırdı. Yuventus öz stadionuna sahib olan ilk İtaliya klubu oldu. Bundan əlavə stadionun ayağı sanki düşərli idi. Cəmi 100 milyon dollara başa gələn bu dünya səviyyəli stadionun 6 il öncə istifadəyə verildiyi gündən klub 6 dəfə İtaliya çempionu və Avropa klub reytinqinə görə top 5 klub arasına daxil oldu.
Anyelli 2011-ci ilin mayında komandanın keçmiş kapitali Antonio Konteni məşqçi vəzifəsinə dəvət etdi. Konte həmin an klubu digər məşqçilərdən daha yaxşı tanıyırdı və öz motivasiya bacarıqları ilə komandanı qaldıra biləcək yəgin ki, yeganə məşqçi idi. O, bunu da etdi. Hər qola uşaq kimi sevinən, hər uğursuluqda isə özündən çıxan dəliqanlı Konte komandanın “comeback”inin başında dayanır.
Amma Konte tələsirdi. İtaliyada qazanmağa artıq heç nə qalmamışdı. Tezliklə Avropada uğur qazanmaq istəyirdi. Bunun üçün klub rəhbərliyindən yaxşı oyunçuların alınmasını tələb edirdi. Anyelli isə bu işdə tələsməyin ziyanlı olduğunu bilirdi. Konte klub sədrinin bu yanaşmasını sonuna qədər anlamadı və 2013-14 mövsümünü uğurla tamamlayandan sonra klub ilə vidalaşdı.
Əslində Kontenin komandadan getməsində təkcə fikir ayrılığı olmadığını düşünürəm. Klub tarixən təmkinli oyunçulardan ibarət olub. Heç zaman hər hansı bir oyunçu hər şeyi öz üzərinə götürmək iddiasında olmayıb. Nə oyunçular, nə də ki məşqçilər. Hər kəsin rolu olub və uğurun yalnız hər kəsin öz rolunu bərabər şəkildə yaxşı gördüyü halda gələcəyinə inanılırdı. Heç kimin ulduz xəstəliyinə yoluxmasına imkan verilmirdi.
Təcrübəsindən, yaşından, vurduğu qollardan, verdiyi paslardan asılı olmayar hər kəsə eyni hörmət, eyni rəğbət olub. Konte isə artıq özünü klubun ağası kimi aparırdı. Öz işini görməkdən başqa, idman direktorunun və sədrin görməli olduqları işlərə təsir etməyi çalışırdı. Konteni tanıyanlar anlayar. Bu onun təbiətidir. Məşqçi kimi fəaliyyəti zamanı o qədər oyuna tuşlanır ki, adama elə gəlir ki, indi meydançayaa çıxıb komandası ilə bərabər oynacaq.
Hər bir halda, dayanıqlı model qurmaq istəyən Anyelli üçün bu meyar uzun illər ərzində klubun formalaşmış komanda ruhu fəlsəfəsinə zidd idi. Çox güman ki, Kontenin klubdan ayrılmasında bu əsas rol oynadı.
Kontenin yerinə Milanın keçmiş məşqçisi, həmin an işsiz olan Alleqri gətirildi. Avropa səviyyəsindən aşağı olduğu hesab edilən bu məşqçinin gətirilməsi tərəfdarların böyük narazılığına səbəb oldu. Hamı düşünürdü ki, Anyelli məşqçi vəzifəsinə onun sözünə baxacaq bir insan gətirir. Növbəti illər göstərdi ki, Alleqri heç kimin sözünə baxmırdı. Çünki baxılası bir söz də deyilmirdi. Komandanın məşqçisi o idi və bu işdə ona tam inam var idi. Alleqri həm də Kontedən fərqli olaraq, heç kimin işinə qarışmırdı. Heç kim də onun işinə müdaxilə etmirdi. Ona inanırdılar, o da bu inamı reallaşdırdı.
Alleqri Yuventusun başında olduğu üç il müddətdə klubu iki dəfə Çempionlar Liqasının finalına çıxardıb. Avropa səviyyəsindən aşağı olan bir məşqçi üçün qeyri-adi nəticə deyilmi? Yuventus bu mövsüm ÇL finalında qalib olacağı halda, böyük ehtimal Alleqri dünyanın ən yaxşı məşqçisi seçiləcək. Yeri gəlmişkən, klub çempion olsa Buffon da dünyanın ən yaxşı futbolçusu olaraq, futbol tarixində bu adı qazanmış ikinci qapıçı olacaq. Bunu edən ilk qapıçı 1963-cü ildə Lev Yaşin olmuşdu.
Mənim üçün sual ondan ibarətdir ki, 2006 skandalından sonra, Buffon və Del Pyero komandadan getsəydi, cavan Anyelli prezident gətirilməsəydi, yeni stadion tikilməsəydi, heç kimin inanmadığı Alleqri məşqçi təyin olunmasaydı bu qayıdışa 10 il ərzində nail olmaq mümkün olardımı? Bunu demək çətindir.
Hər bir halda, klubun geri dönüşündə çox insanın qurbanların, işlərinə peşəkar yanaşmağın və səbrlərinin şahidi olduq. Məhz ona görə, bu xüsusiyyətlərin müsbət nəticə verdiyini görmək istəyən hər bir şəxs şənbə günü Qoca Sinyoraya azarkeşlik edəcək.
Ən əsası isə odur ki, finalda qalib gəlib-gəlməmək heç nəyi dəyişməyəcək. Çünki həmin qurbanlar, peşəkarlığın və səbrin nəticəsi artıq var. Yuventus qayıdıb.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr