Trump administrasiyası İran və Rusiya dilemmasında və ya çoxdəyişənli proseslərin sistemli təhlili cəhdi

Trampla mənim hərdən statuslarda məzələnməyimi çalışın, çox da ciddiyə alaraq uzağa getməyəsiniz. Bu adam hakimiyyətə gələndən dünyadakı onsuz da qəliz olan proseslər daha da qəlizləşmişdir və bu proseslər birbaşa dövlət və xalq kimi bizim taleyimizə təsir etdiyinə (və edəcəyinə) görə məsələlərə çox soyuqbaşla baxmağa çalışın.
Bu adam fərd və şəxs olaraq dəli, başdan xarab ola bilər və bütün tənqidlərdəki kimi ola bilər, ancaq ona daha böyük və qlobal mənzərənin, çərçivənin və proseslərin (puzzle) bir parçası olaraq baxsaq, onun tarixi hadisələrin inkişafındakı bir "kəpənək effekti"nin (batterfly effect) nəticəsi, eləcə də özünün hansı "kəpənək effekti"ni doğuracağını düşünmək lazımdır. Və ya Trampa çox məchullu və çox dəyişənli mürəkkəb riyazi tənlik olan beynəlxalq münasibətlərdə mürəkkəb bir dəyişən kimi baxın.
Tramp administrasiyası daxilində və ABŞ-da müxtəlif siyasi qruplar arasında cərayan edən ziddiyyətli proseslərin bu ölkənin xarici siyasətinə və beynəxalq münasibətlərə proyeksiyasında konkret qanunauyğunluqlar var və onları çox yaxşı anlamağı bacarmaq lazımdır. Açıq aydın görünən ziddiyyətlərin, mürəkkəbliyin və dolaşıqlığın öz qanunauyğunluqları və dərin sosial-iqtisadi səbəbləri var və bu barədə ən müxtəlif formalarda yazmışam. ABŞ daxilindəki bu ziddiyyətlər və mürəkkəbliklər və onların dolaşıq görünən beynəlxalq münasibətlərdə proyeksiyası ilk baxışda xaos kimi görünür. Ancaq bu ilk baxışda, onu anlamayanda xaos kimi görünür.
Aşağıda həmin xaos görünən mənzərənin bəzi məqamlarını öz anladığım kimi (subyektiv) izah etməyə və sadələşdirməyə çalışacağam.
İlk növbədə bir məsələni bir daha vurğulamalıyam. İstər ABŞ-da, istər onun xarici siyasətində və istərsə də beynəlxalq münasibətlərdə cərayan edən istənilən prosesləri son illərdə təhlil edərkən Çin faktorunun yerini bir başa və dolayısı ilə görmürsünüzsə və göstərə bilmirsinizsə təhliliniz natamamdır. Beynəlxalq münasibətlərdə dünyanın istənilən yerində cərayan edən hadisələrdə ilk növbədə “Çin hardadır?” sualını verməlisiniz.

Doğrudur Tramp hakimiyyətə gələndən sonra Çinlə bağlı mövqeyinə və hücumlarına görə böyük təzyiqlərlə üzləşərək, geri çəkilsə də bu o demək deyil ki, o əsas hədəfindən bir dəfəlik imtina edib. (https://www.facebook.com/fuad.chiragov/posts/10154915566532298). O bu dəfə hədəfə dolayısı ilə çatmağa çalışır. Çinə qarşı dolayısı ilə qarşı durmağa çalışır.
Milli maraqlar-demokratiya dilemması və Kissincer
Başlayaq ən son hadisələrdən. Trampın Səudiyyə Ərəbistanına səfəri və 50 müsəlman dövlətinin liderləri ilə keçirilən tədbirində tarixi çıxışı. Tədbirdə çıxışı zamanı Tramp bir dəfə də olsun Çin sözünü və ifadəsini işlətmədi. Əvəzində hər kəsin yadında iki məqam qaldı. Birincisi, İrana qarşı ittihamlar, və buna görə də hər kəs Trampın çıxışını İrana qarşı yeni sərt siyasətin başlanğıcı kimi qiymətləndirdi. İkinci məqam, Trampın çıxışında “ABŞ-ın artıq digər ölkələrin daxili işlərinə qarışmayacağını, heç kəsə necə yaşamağı öyrətməyəcəklərini bildirməsi idi.” Tramp bu ifadələri özünün inaqurasiya çıxışında da demişdi.
Bunu mayın 3-də Dövlət Katibi Tillerson mətbuata açıqlamasında da bildirdi ki, onların dövründə ABŞ xarici siyasətində "dəyərlər və maraqlar məsələləri bir-birinə qarışdırılmayacaqdır. Hansı dövlət ABŞ-la əməkdaşlıq etmək istəyəcəksə onlara qarşı insan hüquqları və demokratiya məsələləri ilkin şərt olaraq irəli sürülməyəcəkdir".
İnsan hüquqları, demokratiya və dəyərlər məsələsinin ABŞ-ın hazırkı şəraitdə milli maraqlarına mane olması və bu ideyaların Vaşinqtonun siyasəti üçün yük olması fikrini anlamaq üçün Kissincerin sonuncu “World Order” əsərini bir daha diqqətlə oxumaq lazımdır. Yəqin ki, artıq Kissincerin Trampla nə qədər yaxın olmasını artıq yaxşı görmüsünüz.
Bundan əlavə Tramp administrasiyası USAİD və digər qeyri-hökumət təşkilatlarına yardımın kəskin şəkildə azaldılmasını nəzərdə tutan büdcə layihəsini irəli sürdü. Başqa sözlə Tramp administrasiyası gələcəkdə insan hüquqları və demokratiya məsələlərini dünyada yayılması vasitələrindən (democracy promotion), ondan təzyiq vasitəsi kimi istifadə etməkdən imtina etdiyini göstərməyə çalışdı. Bu ABŞ-da narazılıqlara səbəb oldu, Makkeynin tənqidlərinə cavab olaraq, Tillerson “onların dəyərləri milli maraqlardan ayırdıqlarını” bildirdi.
Deyəcəksiniz bu məsələlərin Çinə nə dəxli var? Var, həm də birbaşa! Son onillərdə Çinin dünyada iqtisadi ekspansiyasını asanlaşdıran məqamlardan biri o idi ki, Çin Afrikada və Asiyanın müxtəlif ölkələrində onların siyasi sistemlərinə və daxili işlərinə demokratiya və insan hüquq məsələlərini səbəb/bəhanə gətirərək hansısa təzyiqlər və müdaxilə etmədən sırf biznes əlaqələri qura bilirdi. Həmin ölkələr ABŞ və Qərbdən investisiya və cəlb edə bilmədikləri halda Çin bu boşluğu məmnunluqla doldura bilirdi. Bu Çinə nəinki Asiya, Afrikada hətta Latın Amerikasında özünün iqtisadi ekspansiyasını genişləndirməyə imkan verirdi.
ABŞ-Müsəlman dünyası-Çin
Digər tərəfdən Müsəlman dünyasının ABŞ-Çin rəqabətində yerini hələ 2011-ci ildə Z.Bjezinski özünün Aspen İnstitute’da çıxışı zamanı bildirmişdi. Ona görə gələcəkdə ABŞ-Çin rəqabətinin gələcəyi müsəlman dünyasının bu mübarizədə hansı tərəfdə yer alacağından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə müsəlman dünyasında hətta ABŞ-a müttəfiq ölkələrdə antiamerikanizmin iki əsas səbəbi vardır. Birincisi, ötən müddət ərzində Fələstin probleminin həll edilməməsi və bu münaqişədə ABŞ-ın tutduğu mövqedir. İkincisi, ABŞ-ın bölgədəki qeyri-demokratik rejimlərə dəstəyi və demokratik proseslərin qarşısında əsas maneələrdən biri olması həmin ölkələrdə geniş əhali kütləsində daim ABŞ-a qarşı nifrətin səbəblərindən biri olmuşdur. İkinci məqam xüsusilə 11 sentyabr terror aktından sonra ABŞ-da geniş müzakirə edilən mövzulardan biri oldu.
Belə ki, Qərbin hakim intellektual dairələrində belə bir fikir hakim oldu ki, müsəlman dünyasında dini ekstemizmi, antiamerikanizmi və Yaxın Şərqdə qeyri sabitliyi alovlandıran əsas səbəb bölgənin qeyri-demokratik rejimləri və Qərbin bir çox hallarda onlara dəstəyi olmuşdur. Məhz bu fikir Buş adminitrasiyasının "demokratiyaya dəstək strategiyası"nı və sonrakı administrasiya dövründə də Yaxın Şərqin avtoritar rejimləri münasibətlərinə dəstəkdən geri çəkilməyə və onlara qarşı təzyiqləri tədricən artırmağa səbəb olmuşdur. ABŞ-da belə qənaətə gəldilər ki, Yaxın Şərqdə demokratik inistitutları və rejimləri bərqərar etməklə ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə hədə olan dini radikalizmin qarşısını almaq olar. (bax həmçinin “ikinci məqam” - https://www.facebook.com/fuad.chiragov/posts/10154324853482298)
Həmin siyasət Obama administrasiya dövründə daha kəskin formada davam etdirildi. Bu özünü xüsusilə Obama administrasiyası zamanı mühüm dövlət postlarını tutmuş fanatik liberal və liberal intervensionistlərin qrupların Ərəb baharı zamanı üsyançılara dəstək olmaları, bu inqilabi dalğanın bütövlükdə bölgənin demokratikləşməsinə gətirib çıxaracaq özünü doğrultmayan gözləntisi ilə göstərdi. Məhz Obamanın dövründə ABŞ-ın bütün Yaxın Şərqdəki ənənəvi müttəfiqləri ilə münasibətləri pozuldu. Məhz bu dövrdə Səudiyyə Ərəbistanı və digər ölkələrin Çinlə əlaqələri genişləndi, Misir isə Rusiya ilə yaxınlamağa çalışdı. Bəhreynin xarici işlər naziri isə Obamanın siyasətini şizofrenik adlandırdı.
Qayıdaq yenə Z. Bjezinskinin Müsəlman dünyası və Çin məsələsinə. Əslində Obamanın və Trampın Müsəlman ölkələrinə münasibətdə yürütməyə çalışdıqları siyasət Z. Bjezinskinin göstərdiyi Müsəlman dünyasını öz tərəflərinə çəkməklə bağlı strateji hədəfə çatmağın iki fərqli vasitəsi və yanaşmasıdır. Əgər Obama bu məqsədə Müsəlman dünyasını hakimiyyətlər deyil, “aşağılar” və demokratikləşmə vasitəsilə nail olmağa çalışırdısa, Tramp başqa yol tutdu. Yuxarıda da göstərdiyim kimi Tramp bildirdi ki, onlar heç kimin daxili işlərinə qarışmayacaqlar və onlarla əməkdaşlıq etmək istəyən hakimiyyətlə çalışacaqlar. Yəni, Tramp Obamadan fərqli olaraq Müsəlman dünyasında “yuxarı”larla işləməyə hazır olduğunu bəyan etdi. Göstərdiyim “aşağı” və “yuxarı” fərqini yaxşı anlamaq üçün sadəcə 2 şeyə baxın. Obamanın 2009-cu il Qahirə və Trampın Səudiyyədəki çıxışlarını sadəcə müqayisə edin.
İran
Tramp administrasiyası dövründə İranın bəxti bir neçə istiqamətdən gətirmir. Birincisi ondan başlayaq ki, Obama administrasiyası dövründə İranla nüvə sazişinin imzalanması Səudiyyə Ərəbistanı olmaqla bir çox Körfəz və müsəlman ölkələrini eləcə də İsraili çox incik salmışdı. Onların əksəriyyəti İranı özlərinə hədə görür. Bu isə həm də ABŞ-a onları öz çətiri altında ümumi düşmənə qarşı birləşdirməyə və “könüllərini almağa” imkan verir. İkincisi Tramp administrasiyasında başda vitse-prezident M. Pens olmaqla 8 yevangelist olmaqla Konqresə nəzarət edən respublikaçılar İranı hədə kimi görürlər. Eləcə də Obama hakimiyyəti dövründə öz vəzifəsindən Mattis məhz İranla nüvə sazişinin imzalanmasına etiraz olaraq istefa verərək bir neçə il əvvəl mətbuata müsahibəsində Yaxın Şərqdə üç əsas problem kimi “İran, İran və İran” olduğunu demişdi. Milli təhlükəsizlik müşaviri Makmaster də Yaxın Şərqdə daha intervensionist siyasətin tərəfdarıdır.
Bir vacib məqamı da xüsusi qeyd etmək lazımdır. Tramp administrasiyası daxilində hətta ən qatı Rusiya meyilli qüvvələr belə ən qatı İran əleyhdarlarıdır. Rusiya ilə əlaqələrdə ittiham edilərək vəzifədən uzaqlaşan general Flinin İran paroniyasını yada salın. Ağ evdə bir birilə qarşı duran Bannon və Kuşner də İrana qarşı düşməndilər. Maraqlı paradoks odur ki, eyni zamanda Tramp administrasiyası daxilində Rusiya əleyhdarları İranla münasibətlərin korlanmasının nəticədə Rusiya ilə də münasibətlərin korlanmasına gətirib çıxaracağını ehtimal edərək, hazırkı zaman kəsiyində İrana qarşı olan digər qruplarla bir yerdə fəaliyyət göstərirlər.
Bunlar o demək deyil ki, ABŞ-da hər kəs hazırda İrana qarşıdır. İranla imzalanan müqavilənin və münasibətlərin normallaşdırılmasının tərəfdarı olan çox güclü və əhəmiyyətli qüvvələr var. Məhz həmin qüvvələrin fəaliyyətinin təhlili mənə nüvə sazişi imzalanmamışdan hələ il yarım əvvəl müqavilənin imzalanacağını əvvəlcədən deməyə imkan vermişdi (http://www.1news.az/politics/20140303012135398.html). 
Obamanın İran strategiyası təkcə bir şəxsin və onun administrasiyasının daxilindən gələn bir təşəbbüs deyildi. Obamanın İranın Strategiyasını Rokfeller qardaşları fondunun çətiri altında hazırlanmış plan idi. Eyni zamanda ilk dəfə İranla razılığın imzalanmasının zəruriliyi hələ Buş administrasiyası dövründə İraqla bağlı yaradılmış tədqiqat qrupunun nəticəsi və təklifi idi (https://mosaicmagazine.com/…/02/obamas-secret-iran-strategy/).

Hazırda da biz dünya və ABŞ-ın liberal mediasını yaxından izləsək görərik ki, ən müxtəlif formalarda İranla imzalanmış saziş müdafiə edilməyə çalışılır, İranın Səudiyyədən fərqli olaraq bölgədə insan hüquqlarının və demokratiyanın ən yaxşı vəziyyətdə olan ölkəsi olduğu göstərilməyə çalışılır. Bu mənzərəni isə yeni seçilmiş Fransa prezidentinin yeni seçilmiş İran prezidentini telefonla zəng edərək təbrik etməsi tamamlayır. Məhz buna görə də Tramp özünün İrana qarşı siyasətində Avropadan heç bir dəstək ala bilməyəcəyini əvvəlcədən bilərək üzünü birbaşa elə Səudiyyəyə tutdu. Avropalılar isə hazırda təhlükəsizlikləri üçün əsas hədə kimi Yaxın Şərqi deyil, Rusiyanı görürlər.
ABŞ-Rusiya-Çin
Tramp Yaxın Şərq turnesindən NATO dövlət başçıları ilə görüşə gələrək onları qarşısına qoyub yaxşıca danladı. Doğrudur əvvəlki dediyi kimi NATO-nun köhnəlmiş və lazımsız (obselete) bir təşkilat olduğunu təkrar etmədi əvəzində NATO ölkələri başçılarını və katibini qarşısına qoyaraq, onların yenidən müdafiə xərcləri üçün ÜDM-nin 2%-i xərcləməsi kimi öhdəliyini yerinə yetirmədiklərini, ABŞ-ın hesabına (şotuna) pulsuz təhlükəsizliklərini təmin etdiklərini (free riders), buna görə ABŞ-a borclu olduqlarını bildirdi. Bu çıxışının sonunda əsas təhlükəsizlik hədəsi kimi isə ilk olaraq Rusiyanı deyil, Yaxın Şərqdən gələn terrorizmi göstərdi (http://shareblue.com/watch-our-allies-laugh-and-whisper-as…/). Səfər zamanı almanları “the germans are bad, very bad” adlandırdı.
Rusiya mövzusunda təzyiqlər altında Tramp administrasiyası ara-sıra “dejurni” sanksiyalar və başq mövzunu gündəliyə gətirsə də Trampın Rusiyaya qarşı hələlik hansısa radikal kordinal bir addım atmadığını və təzyiqlərə tab gətirməyə çalışdığını görürük. Rusiya ilə istintaqı FTB direktorunun işdən çıxarılması və Lavrovun Vaşinqtona səfərindən sonra başlanan növbəti böhrandan sonra Tramp administrasiya yenidən dolayısı ilə cavab verərək diqqəti yenidən yayındırmağa çalışdı. Suriyaya zərbə endirildi. Və məhz Suriyada İrana bağlı şiə silahlılarına zərbələr endirildi.
Rusiya da əslində ABŞ realistlərinin nəzərincə Çinə qarşı mühüm bir faktordur. Bjezinski bir neçə dəfə bildirib ki, Rusiyanın təhlükəsizliyi üçün əsas hədə Çindi və Rusiya geci-tezi Qərb blokunun bir parçası olmağa məhkumdu. Burada da yenə hansı formada Rusiyanın Qərbin bir parçası olması və Rusiya elitasının hansı statusda olması ziddiyyət mövzusudu. Qərb təklif edir ki, Rusiya bir liberal digər Avropa ölkələri kimi bu blokun üzvü olsun, yəni seçkilər demokratiya, filan. Rusiya isə deyir ki, yox, siyasi sistemə dəymə əvəzində xrisitian dəyərləri, ağ Avropa irqçiliyi filanı irəli sürür. Rus elitası mədəni olaraq Qərbə daha yaxındı, orda özünü daha komfortlu hiss edir, kapitalının böyük hissəsi ordadı, məmnuniyyətlə tam orda olardı, ancaq bu insan hüquqları və demokratiya məsələləri onlara mane olur. İndi Tramp dövründə Kissincerin də təşviq etdiyi formada qarşılıqlı münasibətlərin yuxarıdan qurulmasına cəhd edilir. Alınacaqmı, bunu gələcək göstərəcək. Obama administrasiyası da hakimiyyətinin dövrlərində Rusiya ilə münasibətlərin normallaşdırılması cəhdi olan "reset" siyasətinin əsas səbəblərindən biri Rusiyanı Çinə qarşı cəbhəsinə qatmaq idi, lakin alınmadı belə ki, onda bu cəhd "aşağı"dan edilməyə çalışıldı. Bolotnıy mitinqi belə bir cəhd kimi görüldü.

Fuad Çıraqov - 27 may 2017

(https://www.facebook.com/fuad.chiragov/posts/10155339331682298)

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr