2016-cı il 1918-ci ilə oxşayır

Birinci Dünya müharibəsindən sonra Avropada nə qədər avantürist var idi, hamısı olmuşdu populyar. Rasional düşüncə böhran yaşayırdı. Savad etibarilə orta səviyyəli, amma xariizmatik populistlər demokratiyanı dağıtmaq üçün elə demokratiyanın özündən istifadə edirdilər.
Bunlar həm solçu olurdular, həm sağçı. İfrat sol yaranan yerdə ifrat sağ da qaçılmaz olur, yaxud tərsinə.
Sonra elə oldu ki, ifrat sağ asta-asta Avropanın xeyli hissəsində hakimiyyəti ələ keçirdi. Telmandan tutmuş, Qramşiyə, İspaniya kommunistlərinə qədər hamısı sıradan çıxarıldı. İfrat sol ancaq SSRİ-də qaldı.
Sonra bir-birinin qatı düşmənləri, Rusiyanı ələ keçirmiş ifrat sol və Avropanı ələ keçirmiş ifrat sağ 1939-cu ildə Molotov-Ribbentrop paktını bağladılar.
Ardınca dünya müharibəsi başladı. Çünki ifrat sağ zəfər yürüşünə başlayırdı.
Molotov-Ribbentrop paktı da uzun çəkmədi. Qatı düşmənlər müharibəyə başladılar. Almaniya hücum etdi. Amma hətta o hücum etməsə idi belə, bir az əvvəl Finlandiya ilə müharibə etmiş, Polşanın bölüşdürülməsində iştirakını "əsirgəməmiş" SSRİ Rumıniyaya hücum edəcəkdi. Yəni faşist və kommunist totalitarizmlərinin toqquşması qaçılmaz idi.
İki pisdən nisbətən yaxşısını seçən liberal-demokratik dünya SSRİ ilə müttəfiq oldu, başqa çarələri də yox idi. Bu vəziyyətin yaranmasında günahları az deyildi.
Nəticədə ifrat sağ Qərbi Avropada məğlub edildi, İfrat sol isə bütün Şəriq Avropada da öz totalitarizmini qurdu. Avropa bölündü.
Sonra təbii olaraq liberal-demokratik dünya ilə ifrat sol arasında qarşıdurma başladı. Nüvə silahı qorxusu bu qarşıdurmanı isti yox, soyuq müharibə etdi.
1991-də ifrat sol da məğlub edildi, liberal demokratiya qalib gəldi, Fukuyama buna tarixin sonu dedi, Avropa birləşdi. Ura!

Ay-hay.
Liberal-demokratiya bu son qələbədən sonra işlərin başını buraxdı. İkinci dünya müharibəsindən sonra həyat standartları ancaq yaxşılaşan camaat siyasətdən nisbətən uzaqlaşdı. Bundan istifadə edən establişment ciddi korrupsiyaya uğradı, Aqramuntların əlinə düşdü. SSRİ ilə mübarizə dövründə əhalinin sosial rifahına ciddi diqqət ayırmaq məcburiyyətində qalan kapitalizm yenidən ciddi təbəqələşmə dövrünə qayıtdı.
Bir gün də, yəni 2008-də məlum oldu ki, a kişi, yeni gənc nəsil son 50-60 ilin ənənəsinin əksinə olaraq daha əvvəlki nəsildən yaxşı yaşaya bilməyəcək. İş yeri tapmaq çətinləşib, maaşlar lazımi səviyyədə qalxmır. Böyük problem yaranır, inkişaf perspektivləri də dumanlıdır.
Nəhayət biz qayıtdıq yenə geri - 1918-ci ilə.
Hələ buna qədər SSRİ-nin içindən çıxmış yeni ölkələr, bir Baltik respublikalarını çıxmaq şərtilə artıq 1918-ci ilə qayıtmışdılar. Amma bu izaholunandır, çünki SSRİ-də konservasiya olunmuşdular və təbii, inkişaf mərhələsini keçməmişdilər.
Avropanın SSRİ dağılmasından sonra arxayınçılığı da ona gətirdi ki, hətta Türkiyəni də Avropa Birliyinə qoymadılar və bundan narazılıq, Türkiyədə də ifrat sağı gücləndirdi.
İndi nəhayət ora-bura vurnuxandan sonra Rusiya da ifrat sağın cənginə keçdi.
Avropada da yenə ifrat sağ Macarıstanda, Polşada və sairədə hakimiyyətə gəldi. Hamısı da demokratiyanı addım-addım boğur. Lap birinci dünya müharibəsindən sonra olduğu kimi.
Yunanıstanda ifrat sol hakimiyyətdədir, amma ifrat sağın da dünən Avropa parlamentində çıxışına baxdınız və iyrəndiniz.
Fransada Mari Le Pen xanım addım addım təhlükə həddinə çatır.
Amerikada ifrat sağla (Trump), ifrat sol (Sanders) çox ciddi dəstək alır.
Qısası, 2015-ci il 1918-ci ilə oxşayır. Dünya dəli olur.

Yalnız biz ciddi fərq var. Sanki o vaxt Avropada həngaməni qoparmış Almaniya bu gün əksinə kontinentdə həngamənin qarşısında hələ ki əsas maneəyə çevrilib.





Altay Göyüşov - 11 mart 2016





Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr