Dəyərlərin, qavramların, insanların yerinin dəyişik düşdüyü sistem... (istirahət günü yazısı, düşünmək üçün)

Dəfələrlə bu haqda yazmışıq, danışmışıq: İqtidarın dəyərlər üzərində qurulan hekayəsi, ideologiyası yoxdur. Belə bir sistemdə təbiidir ki, qavramların, həm də insanların yeri səhv düşür, sistem öz daxili “oyun qaydalarına” görə qavramlar formalaşdırır, həmin “oyun qaydalarını” həyata keçirmək üçün keyfiyyətsiz insanları önə çəkir. Çünki, o qaydalar tək bir hədəfə xidmət edir – maddi maraqlar üzərində qurulan sistemi qorumaq!
Belə yanaşma siyasətdə, iqtisadiyyatda, biznesdə, mədəniyyətdə, elmdə, hətta musiqidə və sənətin digər sahələrində önə çıxır. Bütün bu sadaladığım sahələrdə dominant rolu hələ də, obrazlı desək, “sovetdən qalmalar” oynayırlar. Ölkənin idarəetmə elitasında nəsil dəyişimi olmayıb deyə, hər sahədə “elita” rolunu məhz “köhnələr” oynamaqda davam edirlər.
Bu isə paradokslara gətirib çıxarır, məsələn:
1) Parlamentdə sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli məntiqlə vətəndaşların sosial rifahı üçün çalışmalıdır – amma təm tərsi, sosial sahədə hökumətin maraqlarını qoruyur, sosial müavinatların azaldılmasını, ya da qoyunla ödənilməsini təklif edir.
2) Dini dəyərləri qorulamı olan Hacı İbrahim təklif edir ki, kazino açılsın, bir azdan bəlkə də, “halal kazino” anlayışını gündəmə gətirdi.
3) Mərkəzi Bankın rəhbəri, azı 2 dəfə insanlara yalan danışdı, amma hələ də vəzifəsini icra edir, onu işdən çıxartmadılar. İndi də işi ondan çıxarıb, səlahiyyətlərini azaldırlar.

4) Gömrük orqanlarının yaranma tarixi, hekayəsi, fəlsəfəsi daxili bazarı, İŞ ADAMLARINI qorumaqdır, vətəndaşa xidmət etməkdir, amma vətəndaşın da, iş adamının da ən çox fəryad etdiyi orqanlardan biri də məhz gömrükdür.
5) Polis bütün ölkələrdə ən çox güvənilən qurumdur, vətəndaşın nicat və ümid yeridir, bizdə hamı polisdən yan keçməyə çalışır, hətta bir cinayəti görəndə belə, şahid olmaq istəmir.
6) Həmkarlar Komitəsi işçinin, fəhlənin yanında olmalıdır, amma qudası prezident aparatında yüksək vəzifə tutur, həmişə hökuməti qoruyur, həmkarlar ittifaqının yaranma hekayəsinə və qavramına daban-dabana zidd adımlar atır.
7) özünə “sağçı” deyən, dövlətin qiymətlərə müdaxilə etməsinin vacibliyindən danışır, “solçu” deyən yüksək vergidən şikayət edir, “dindar” deyən “halal-haram” anlayışını qarışdırır, “haqsızlıq” görəndə etiraz etmir, “millətçi” deyən “ümmətdən” danışır, “demokrat” deyən kiçicik bir tənqidə belə dözümsüzlük göstərir – bir sözlə, sistemin eybəcər “oyun qaydalarına” görə ölkədə “sapla saman” bir-birinə qarışıb.

Bizim əsas funksiyalarımızdan biri də ölkədə ideoloji, dəyərlərə söykənən siyasət ortamı yaratmaq, qavramların hekayəsini qurmaq, daşları yerli-yerinə otuzdurmaqdır. Məhz o zaman doğru yerdə doğru insanlar olacaqlar, vətən üçün, xalq üçün doğru olanları edəcəklər...





Natiq Cəfərli - 06 mart 2016





Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr