Dünyanın sürətlə dəyişməsi haqqında...

Ölkəmizin iqtisadi vəziyyəti hər gün daha da çətinləşir, böhran artıq depressiyaya qədəm qoyub, amma hökumətin heç bir plan-proqramı yoxdur, sadəcə oturub neftin qiymətinin qalxmasını gözləyirlər. Amma dünya gözləmir, sürətlə dəyişir, yeni texnologiyalar, yeni yanaşma iqtisadiyyatın da mənzərəsini çox dəyişib, yeni qazanc mənbəələri yaranır, yeni peşələr meydana çıxır, yaxın 15-20 ildə bu gün olan peşələrin yarıdan çoxu tarixə qovuşacaq, iqtisadiyyat yeni çarxlar üzərində dönməyə başlayacaq, dünyada enerji inqilabı baş verəcək (proses artıq gedir). 150 il öncə dünyada ən çox yayılan peşələrdən biri küçə fənələrini yandırmaqla məşğul olan insanların peşəsi idi, elektrik çıxdı, o peşə də ölüb-getdi. Cəmi 60-70 il bundan öncə ən geniş yayılmış peşələrdən biri kammutatorlarda çalışan telefonçular idilər. Elektron ATS-lər yarandı, bu peşə də tarixə quvuşdu. Yaxın 15-20 ildə, məsələn, turizm agentlikləri silinəcək, böyük alış-veriş mərkəzləri silinəcək, hətta benzinlə işləyən maşınların karbürator, və ya injektor ustalarına da ehtiyac qalmayacaq. Bu siyahını uzada da bilərəm, amma sözümün canı başqadır.
Bizlər öz aramızda tez-tez müzakirələr aparırıq ki, ölkəmizin dünyada yeri nə olacaq? Biz iqtisadiyyatın hansı sahələrini inkişaf etdirə, ölkəmizi rifaha qovuşdura bilərik? Çox zaman da ənənəvi sahələr, aqrar, turizm önə çıxır. Əzizlərim, ədalətli və rəqabətli mühit olanda bizim bacarıqlı xalqımız özü bir çox sahələrdə uğur hekayyəsi yazacaq, buna əminəm, sadəcə, o şəraiti yaratmaq olar. Amma, bizim kimi insanların görəvi həm də dünyada gedən trendləri izah etmək, vətəndaşlarımızı bilgiləndirməkdir.

Bir daha, dünya çox sürətlə dəyişir, məsələn: 1) Dünyada hər gün ən çox baş vurulan, ən çox qazanan internet resursu google saytıdır, amma, bu sayt özü heç bir kontent yaratmır, informasıya istehsal etmir, 2) Dünyada ən çox ticarət dövriyyəsi olan, alış-veriş edən şirkət Çinin Alibaba Group şirkətudir, amma onlar heç nə istehsal etmirlər. Buna bənzər şirkətlər, məsələn, Amazon da var ki, milyardlarla pul qazanırlar, 3) Dünyada insanların özünü ifadə ehtiyacından ən çox pul qazanan şirkət Facebook şirkətidir, amma özü heç bir maddiyat istehsal etmir.

Araşdırmalar göstərir ki, 20-ci əsr enerji şirkətlərinin əsri idi, müharibələr də, münaqişələr də enerji resurslarına görə baş verirdi. Bu gün 21-ci əsr məhz texnoloji şirkətlərin əsridir, əsas dava da informasiyaya və yeni bazarlara çıxış üzərində gedir. Biz isə hələ də neftin 5-10 dollar balaşmasını gözləyirik, qaza ümid edirik, bu yol yanlış yoldur və ölkəmizi Dünyanın 3-cü növ ölkəsinə çevirir. Bu mənzərəni seyr etmək çox kədərlidir...





Natiq Cəfərli - 08 mart 2016





Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr