Natiq Cəfərlinin terrorun qarşının alınması ilə bağlı proqnozu və təklifi

Avropada terror aktları artdıqca, günahsız insanlar vəhşilər tərəfindən qətl edildikcə, Avropanın siyasi xəritəsi dəyişəcək, növbəti illərdə millətçi, ifrat-sağ qruplar və siyasi partiyalar hakimiyyətə gələcək. Ölkələrdə gəlmələrə qarşı radikallıq artacaq, köçmənlərə qarşı qanunlar sərtləşdiriləcək, bu isə yeni aqressiyalar doğuracaq. Baş verənlərin bir çox səbəbi var, amma əsas səbəblərdən biri son 50 ildə Avropada yanlış və çox səhv “multikulturalizm” siyasətinin nəticəsidir. Əsli-astarı, konsepsiyası olmayan bu siyasət sonda “təbii gettoların” yaranmasına səbəb oldu, köçmənlərin iqtisadi, siyasi, içtimai inteqrasiyasına mane oldu. Avropa şəhərlərində “etnik məhəllələrin” yaranması köçmənlərin Avropaya inteqrasiyasının qarşısını aldı. Uzun illər də buna göz yumuldu, bu səhv siyasətə qulağa xoş gələn, yeni bir ad da qoydular – “multikulturalizm”. Həmin “təbii gettolarda” yaşayan köçmənlər dövlətdən hər cür kömək gördülər, öz ölkələrində orta sinfin qazandığından da çox sosial yardım aldılar, nə təhsil almağa, nə dil öyrənməyə, nə də siyasi proseslərdə iştirak etməyə həvəsləri qalmadı. Avropa da öz mədəni və politkorrekt davranışına sığınaraq, belə bir şəraitin yaranmasını ciddiyə almadı. Bu gün yaşananlar elə həmin “multikulturalizmin” fəlakətli sonuclarıdır.
Daha bir səbəb 100 il bundan öncə Qərb dövlətləri Orta Doğuda xətkeşlə sərhədlər çəkdilər, süni dövlətlər qurdular, sərhədləri də bilərək elə çəkdilər ki, həmişə qurulan oyuncaq dövlətlərə təsir imkanları olsun. Məhz buna görə də etnik və dini təriqətləri iç-içə saldılar ki, oyuncaq dövlətlərin rəhbərləri gələcəkdə çaşsalar, etnik və məzhəb çatışmaları salmaqla, durumu “idarə olunan xaos” vəziyyətinə gətirsinlər. Bu gün Qərbin bu məsuliyyətsiz və cinayətkar yanaşması da iflasa uğradı. Qərb dövlətləri terrorun, xaosun qarşısını mənbəyində almağa çalışmalıdırlar, bunun üçün öz səhvlərini düzəltməyə borcludurlar. Onillərlə bu oyuncaq dövlətlərdə avroritar, diktator, oğru, korrupsioner rejimləri müdafiə etməyin sonu belə olmalı idi.

Bu haqda bir neçə dəfə yazmışam, bir daha deyim: Qərb təcili surətdə Orta Doğu üçün yeni “Marshall Planı” tərtib etməli, həmin ölkələrdə Cənubi Koreyada olduğu kimi əvvəl zorla, sonra da yaxşı təhsillə normal dövlətlər qurmalıdır. Bu zaman sərhədlər də dəyişəcək, bundan qorxmaq lazım deyil, zatən dövlətlər öz təbii şəklini almalıdırlar, amma qurulan dövlətlər orqanik olmalı, qanunun aliliyi üzərində bərqərar edilməlidirlər. İlk 20-30 ildə həmin ölkələrdə seçkilər də, idarəetmə də, təhsil də, səhiyyə də Qərb institutlarının nəzrarəti altında olmalıdır. Qərb onillərlə etdiyi pislikləri təmizləmək üçün, həm də özünü qorumaq üçün yüzmilyardlarından vaz keçməli, həmin coğrafiyada normal dövlətlər qurmalıdır. Terrorun, xaosun bitməsinin tək və dayanıqlı yolu məhz budur!

P.S. Millətindən və dinindən asılı olmayaraq terrorun və terroristlərin kökü kəsilməlidir, yoxsa dünyada təhlükəsizlik insan haqlarını yeyib-bitirəcək, bu da yeni, daha dar və qeyri-azad dünyanın yaranması ilə nəticələnəcək...





Natiq Cəfərli - 22 mart 2016





Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr