İstəmədiyin ixtisasda oxumaq, sevmədiyin qadınla evlənmək kimi ... - Nail Zeynalov
Bizim vaxtımızda ali məktəbə qəbul imtahanından əvvəl 15 ixtisas yaza bilirdin. Mən jurnalistikanı 10-cu yazmışdım. Sınaq imtahanlarında 600-650 bal toplayırdım deyə, birinci yazdığım yerə qəbul olacağımdan o qədər əmin idim ki, ilk 3 yerdən sonra next next next eləmişdim. Bir an olsun, jurnalistika barədə düşünməmişdim.
İstəmədiyin fakültədə "oxumaq", sevmədiyin qadınla evlənmək kimi bir şeydir. Sevmədiyi qadından başını götürüb çayxanalarda, orda-burda gün keçirən ərlər kimi, mən də dərs vaxtları hardasa domino oynamışam.
İndi dostluğumda olan müəllimlərim xatırlamaz, amma mən universiteti onların sayəsində bitirmişəm. Qulu müəllimin, Akif müəllimin, dostluğumda yoxdu deyə adlarını işarələyə bilmədiyim müəllimlərin sayəsində. Neçə dəfə qovulmaq ərəfəsində, bu dəqiqə "boşanacağıq" dediyim anda Ali müəllim məni rektorun əlindən alıb qaytarıb dərsə... Bir-iki ay sonra yenə, yenidən...
Məlum məsələdi, jurnalistikanı sevmirdim, sevmirəm, bütün bunlar ona görəydi. Amma qrup yoldaşalarım var idi ki, xüsusilə qızlar, ən yüksək ballarla daxil olmuşdular, imtahanlarda ən yüksək nəticələri göstərirdilər. O adamlar o fakültəni bitirdilər, diplomlarını aldılar və bu sahəyə ayaq basmadan yox oldular... Kimi ərə getdi, kimi də qayıtdı kəndə - ailəsinin yanına, sonradan onlar da ərə getdi... Bəlkə də sevmədikləri ixtisasa yiyələnib sevmədikləri adamlarla da ailə quranlar oldu...
BDU Jurnalistika balaca fakültədi. Rüşvət olmayıb, məsələn... Alanlar da kənardan gələnlər olublar. Hər il bircə qrup məzun olurdu - 30 nəfər. Bizim otuzluqdan 2-3 yaza bilən uşaq çıxdı, onlar da mənim çayxanalarda domino oynadıqlarımdı. Jurnalistikada qalanlar var, təbii ki, amma onların jurnalistikaya dəxli yoxdu. Azərtac-ın Göyçay müxbiri bir qrup yoldaşım var - Şahnəzər - bir dəfə burda sağollaşanda yazdım, özünə yaxşı bax, yazdı ki, özün özünə yaxşı bax, söydü, bloka atdı. İndi, məsələn, bu adam elə bilir ki, jurnalistikadadı...
Sözümün canı, əşi diplom olsun, sonra istədiyim işi görərəm deyə-deyə birtəhər universiteti bitirdim, sonra ITV-də işləmək variantı çıxdı - idmanda. Dedilər, get qəzetdə 3 ay təcrübə keç, gəl. Əşi, 3 aydı da, yola verim, qayıdım, əlimdə işim olsun deyə-deyə ilişdim qaldım idman mətbuatında. Sevmədiyim iş. Orda günləri yola verdiyim vaxt klubdan təklif gəldi, getdim, bu dəfə futbolun lap içinə girdim. Futbolu da sevmirəm. Sevmədiyim işdən başqa bir sevmədiyim sahəyə adladım...
15 il keçib o gündən. Əşi, diplom olsun deyib, ali məktəbə ayaq basdığım gündən... Sevmədiyim bir işə başladığım gündən. Cəmi bircə dəfə bəlkə də başqasının xoşbəxt ola biləcəyi bir yerdə könülsüz olsam da, qaldım... Və o andan etibarən bir sevmədiyim işdən başqa birinə adlaya-adlaya keçdi 15 ilim. Öz boşqabımda deyildim, başqasının yerini tutmuşdum, o yeganə səhvlə öz yerimi tapana qədər neçə adamın yerini tutdum. Neçə adamın həvəslə oxuyacağı ixtisası könülsüz yola verdim, neçə insanın həvəslə işləyəcəyi yerdə gün saydım... Həmin il jurnalistikaya qəbul ola bilməyən neçə insan da başqa fakültədə məcbur, candərdi oxumalı oldu. Onlar da həmin yerdə olmaq istəyən neçə adamın yerini tutdu... Mən də daxil, həmin diplomu alandan sonra itən uşaqların bəlkə də haqqıydı o yer. İmtahanda lazım olandan da artıq nəticə göstərmişdilər bəlkə, amma o yer bizim deyildi... O yerin sahibləri var idi. Daha xeyirli ola biləcək, o sahəni sevən insanlar. İmtahanda lazımi balı yığa bilməsələr də...
Fikir vermişəm, çox az tələbə istədiyi ixtisasa yiyələnir, çox az adam sevdiyi işlə məşğuldu... Ətraf, əslində, tarixçi olmaq istəyən politoloq, jurnalist olmaq istəyən kitabxanaçı, hüquqşünas olmaq istəyən jurnalistlərlə doludu. Heç biri öz yerində deyil. Öz yerində olmayandan sonra o yerin haqqını vermək olmur, o yerə heç nə vermirsən... 15 il sonra da uşaqlara görə "boşanmırsan"... Bir də baxırsan ki, ömrünün gözəl illərini, enerjili, xeyirli ola biləcəyin illərini sevmədiyin işlərə sərf eləmisən.
O qızlardan biri jurnalistikada olanlara ağız əyir, deyir, jurnalistikanı pis günə qoyublar. Bacı, bəlkə ona görə ki, sən o diplomu alıb ər evinə cehiz aparmısan... Ona görə ki, heç vaxt məşğul olmayacağın işdə başqasının yerini tutmusan?! O bəyənmədiyin jurnalistlər də allah bilir, haranı istəyirmiş, hara düşüblər. Sənin yerini tutduğun adam da indi hardasa sevmədiyi sahəni korlayır...
Ömür sevmədiyin insanlarla evlənmək, sevmədiyin işi görmək üçün çox qısadı, gənclər... Mən sizə məsləhət verəsi ağılda adam da deyiləm, sadəcə, itirilmiş illərin təcrübəsini paylaşıram... İllərinizə heyfiniz gəlsin, hər dəfə seçiminizi sevgidən yana eləyin...
Nail Zeynalov - 25 aprel 2016
(https://www.facebook.com/permalink.php?story_fbid=957393124373334&id=100003079655275)

Yorumlar
Yorum Gönder