Facebook-da "like" nə üçün yaradılıb? - Vuqar Salamlı yazır

Gəlin sizə bir şey danışım. Deməli, Facebook 2004-cü ilin fevralında yaranıb. “Like” düyməsi isə 2009-un fevralında təqdim edilib. Düz 5 il Facebook bu “Like”sız normal fəaliyyət göstərirdi. Amma, bu sosial şəbəkə o qədər böyüdü ki, istifadəçilərin yerləşdirdiyi materiallar, onların oxumaq qabiliyyətindən dəfələrlə çox oldu.
Facebook “newsfeed” alqoritminin funksiyası istifadəçilərə onların oxuya bildikləri qədər material verməklə yanaşı, həmin materialların onların maraqlarına uyğun olmasını təmin etmək idi. Əgər istifadəçilər uzun müddət sosial şəbəkədə özlərinə maraqlı olan məlumatları oxumasalar, əvvəl-axır ordan çıxası idilər.
Bəs yüz milyonlarla istifadəçinin hər birinə maraqlı olan məlumatı necə müəyyən etməli? Bu işin həyata keçirilməsində “Like” düyməsi köməyə gəldi. Çoxları “Like” düyməsini hər hansı insana və ya təşkilata olan müsbət reaksiya vermək imkanı kimi qiymətləndirsə də, onun əsas funksiyası həmin insanların və həmin təşkilatların, o cümlədən onların yerləşdirdikləri materiallardan hansılarının istifadəçilərə maraqlı olmasını müəyyən etmək idi.

Bir xeyli müddət bu model işlədi. Amma, ortaya başqa suallar çıxdı. İnsan reaksiyası yalnız bəyənməkdən ibarət deyil. İnsanın hər məsələyə minlərcə reaksiyası ola bilər. Alqoritm bunu müəyyən etməkdə xeyli çətinlik çəkirdi deyə, yeniliklərin tədbiq edilməsi düşünülürdü. Bu gün təqdim edilən “reaksiyalar” funksiyasının məqsədi sizi əyləndirmək, və ya müəllifi sevindirmək deyil. Onların məqsədi istifadəçilərin (məlumat istehlakçıların) sosial şəbəkədə daha çox qalmaları, sosial şəbəkədən bezməmələrini təmin etməkdir.
Nə qədər ki, istifadəçilər sosial şəbəkədədir, Facebook bir o qədər də çox pul qazanacaq. Nə qədər ki, istifadəçilər sosial şəbəkədədir, biznes qurumlar daha çox insana məhsullarını təqdim edə biləcək. Nə qədər ki, istifadəçilər sosial şəbəkədədir, siyasi partiyalar daha çox insanı öz tərəflərinə çəkə biləcək. Nə qədər ki, istifadəçilər sosial şəbəkədədir, bir o qədər sosial təşəbbüs insanlara faydalı olan xidmətlər göstərə biləcəklər.
Uzun sözün qısası, çox da şey eləməyin. Bu yenilik bizimlə manipulasiyanın yeni metodudur. Yaxşı xəbər odur ki, əksər hallarda bu manipulasiyaların bizə faydası olur.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr