LIGO nə üçündür?
Kainatin kompleks ve içindəki qalaktikaların izotropluğu haqda əvvəl yazmışdım. Qısası belədir ki, teleskopla nə qədər uzağa baxmaq mümkündrsə, o qədər cox qədim tarixə baxmaq deməkdir. Ən yaxında Günəşdir, 8 dəqiqə əvvəli görürük. Canlı yayımda Plutondusa, 5 saat əvvəlin söhbətidir. Ən yaxın ulduz, Proksima Sentauridə hələ 2011-ci ildi. Xülasə, gecə nə qədər ulduz görünürsə, heç biri onların indiki halı deyil. Gürdüklərimiz min, milyon il əvvəlin ulduzlarıdır.
Bu, bir tərərfdən yaxşıdır ki, uzağa baxdıqca real tarixi görüntüləri əldə etmək olur. Məsələn,13 milyard il əvvəlki protoqalaktika müşahidə olunub. Kainat da 13,6 milyard il əvvəl yaranıb. Bu yaxşı nəticədir ki, Big Bangdən sonrakı vaxtları birbaşa müşahidə edib öyrənmək olar.Amma burda bir məsələ var, özü də çətin məsələ. Güclü teleskoplarla kainatın 300 min il yaşı olandan müasir dövrə qədər keçmişi görmək olar.Amma ondan əvvələ mümkün deyil.Həmin vaxtı ulduzlar ,asteroidlər və s. heç bir göy cismi yoxdu.Yalnız plazma vardı.Bütün kainat,boşluq,fəza ancaq plazma ilə dolu idi. Təəssüf ki, plazma isə bulanıq olduğundan işığı buraxmır.Yəni nə qədər güclü teleskop olsa, yenə də o tarixdən əvvələ gedib,kainatın yaranma anını, Big Banqın partlama anını, varlığın yoxluğdan varlığa çıxma anını müşahidə etmək mümkün deyil. Fikirləşin ki, neçə əsrlik sualın cavabını görmək mümkünkən, “Bu böyüklükdə, kompleks kainat, varlıqlar necə yoxdan bir anda var oldular?” sualına cavabı gözlə görmək mümkünkən plazma qatı görüntünün qabağını kəsib işləri korlayır. Dərin təəssüf hissi.
Amma bir ümid yeri var. O da fiziki nəzəriyyə ilə sabit olan qravitasiya dalğasıdır. Qravitasiya dalğası elə fəza distorsiyasıdır ki, həmin bulanıq plazmadan da keçə bilir. Deməli,o dalğaları detektorda tutmaq mümkün olsa, yuxarıdakı cavabı səbirsizliklə gözlənilən sualların da cavabı aydınlaşar.
Qravitasiya dalğaları hər yerdədi. Adi halda evdə o yan,bu yana var-gəl edəndə qravitasiya dalğası əmələ gəlir. Daha da sadə, otağın içində qolumuzu tərpədəndə belə ətrafdakı fəzanı əyirik.Otağın döşəməsi və tavanı bir-birindən aralanır, divarlar isə yaxınlaşır. Yəni əslində ev hündürlüyünə uzanır, eninə qısalır. Daha sonra əksinə, divarlar genişlənir , otaq döşəmə və tavandan sıxılır.Tək ev yox, bütün bina belə bir periodik get-gələ məruz qalır.Amma bu titrəyiş o qədər cüzidir ki,onu hiss edə bilmirik. Yetəri qədər dəqiq cihaz olsa, bunu qeyd etmək mümkündür.Elə şəkildəki cihaz da bu səbəbdən dizayn olunub.Biq Banq anında yaranmış qravitasiya dalğalarını tutmaq, kainatın ontoloji başlanğıcını elmi yolla ortaya çıxarmaq məqsədilə.
LİGO adlı qurğunun şəkildəki qolları 4 km-dir,(bir-birinə perpendikulyar olmaqla).Ekstermal dəqiq titrəyişləri ölçə bilir.Müqayisə üçün fikirləşə bilərsiniz ki, iki uzun taxta parçası kəsilir,biri 4 metr, digəri də o qədər ,amma 1-cə mm uzun: 4,001 metr.Bu dərəcə dəqiqlik yəqin ki,praktiki mümkün deyil.İndi müqayisə edin ki, LİGO-nun qolları 1mm də yox , 1 mm-in milyardda biri qədər cüzi dəyişməni hiss edə bilir. Özü də qollar 4 km ola-ola bu dəqiqliyi ölçə bilir. 4 km olan bir qol , o biri 4 km-lik qoldan millimetrin milyardda biri qədər qısa və ya uzundur. Belə ağlasığmaz dəqiqliklə araşdırmaçılar qravitasiya dalğalarını tuta biləcəklərinə ümid edirlər.LİGO-nun həmmüəllifi , həm də “İnterstellar” filminin elm məsləhətçisi olub, fizik Kip Torn.
Foto © LIGO Livingston Observatoriyası,Luiziana,ABŞ
Niyyət Bayramzadə - 22 iyul 2015-ci il

Yorumlar
Yorum Gönder