Nigar Köçərli müdafiə olunmalıdırmı?
Bir söhbət var ee: Hitlerin dövrü haqqında biri yazırdı ki, "həmkarları tutanda dinmədim, çünki həmkar deyildim, yəhudiləri tutanda dinmədim, çünki yəhudi deyildim" və s.. "sonda özümü tutmağa gəldilər, heç kim dinmədi, çünki hamı tutulmuşdu."
İndi də bizim ictimai sektorun marginal qınağı bu istiqamətdədir. Bu, dindarların həbsində daha çox hiss olundu. Dindar olmayanların çoxu ən yaxşı halda dinmirdilər, yaxşı olmayan hallarda isə bizi şəriət dövlətindən qoruyan polisə tərif yağdırmağa qədər gedib çıxırdılar.
Bu gün Nigar Köçərliyə qarşı qınaqlar görünür: kitabı baha satıb və s.. Bilmirəm, kitabları daha ucuz satmağın mümkün olduğu təqdirdə belə edib, ya yox, amma indi bu, əhəmiyət kəsb etmir. Məsələ yenə dəyərlərə, prinsiplərə gedib çıxır. Belə təkrarçılıq alınır ee, amma neynəyək ki, bu məsələdə "next" basılmır.
Nigar xanıma qarşı olan əməl hüquq pozuntusudur, rüsvayçılıqdır. Bu barədə fikrini paylaşanda polislərin hərəkətini doyunca pisləyəndən sonra bir "amma" yazmaq işləri korlayır. Bir "amma" o "amma"dan qabaq yazdığın hər şeyin əhəmiyyətini sıfıra endirir. Demək ki, sən "amma"dan sonrakı gülləbaranında özünü quruya çıxartmaq üçün oxucunun başını aldatmaqla məşğul olmusanmış.
Fakta jurnalistikada bəzən "əlahəzrət" deyə müraciət edilir. Fakt budur ki, ortada kobud hüquq pozuntusu var. Hökumətin o qədər də əleyhinə çıxmayan bir adamın hüquqlarının biabırçı pozuntusu var. Yəni sabah hökumətin əleyhinə çıxmaqda azca ayağı büdrəyənləri söyüb-batıranların heç bir sığortası olmayan bir pozuntudan söhbət gedir.
Başqa sözlə, "amma"dan əvvələ nə yazırsan, yaz, əgər bir cümləyə hüquq pozuntusu ilə bərabər ona məruz qalan adamın təqsirlərini də sığışdırırsansa, deməli, sən o adamın həmin hüquq pozuntusuna layiq olduğunu dolayı olaraq, iddia edirsən.
"Ən təmizi seçmək" mübarizəsi çox mənasızdır. Bunun sonu axırda 5-6 nəfərin qalması və onların da dalaşıb təkbətək ayrılması olacaq. "Nələri etməliyik?" siyahısındansa, "nələri etmək olmaz?" (bura susmağın da yolverilməz olduğunu aid edə bilərsiniz) siyahısını hazırlamaq daha məqbuldur. Bu, "icazə verilməyən hər şey qadağandır" prinsipi ilə "qadağan olunmayan hər şey icazəlidir" prinsipinin qarşıdurması kimi bir şeydir. İkincisi daha məqbuldur, çünki insanları sıxmır. İnsanları sıxdıqca bizdən, bizim ideyalarımızdan, mübarizəmizdən uzaqlaşacaqlar. Bizə xalq lazımdır. Yəni opportunist nöqteyi-nəzərdən baxanda da Nigar xanımın şəxsiyyətini gülləbaran etmək indiki şəraitdə polisə haqq qazandırmaqdır.
"Nigar Köçərli xalq deyil" deyə bilərsiniz. Mənimsə qeyd etmək istədiyim tək Nigar xanımla bağlı deyil. Dəfələrlə görmüşəm, bir sorğu videosunda orta-statistik bir sakin şikayət edir, aclıqdan, işsizlikdən danışır, ortada qeyd edir ki, "prezidentin bunlardan xəbəri yoxdur", bu adamı qınayırlar ki, niyə o cümləni işlədib. bir dəfə bir video var idi, bir kişi çox ağıllı danışırdı, sadəcə prezident məsələsində qorxusundanmı, cahilliyindənmi, yan keçməyə çalışırdı. Altda neçə nəfər şərh yazmışdı ki, "çox da şey eləməyin. Yaltaqdır. Cəsarəti yoxdur..." və s.. Elə deyil ee, bacılar, qardaşlar. Hər kəsdən maksimum gözləmək olmaz. Hərənin kapasitəsi bir yerə qədərdir. Satılmağa haqq qazandırmıram, amma "bəs " edənlər var. OK. Eləsinlər. Sən davam elə. Cəsarətsizlikdən axıra qədər gedə bilməyənlər var. OK. Qalanını da sən de. Hər kəsə hücum, hər kəsi qınamaq, hər kəsi pisikdirmək... Qazanc nədir? "Like" artırmaqdan, eqo təmin etməkdən başqa qazanc varmı burada?
İdealist mövqedən yanaşdıqda isə, qeyd etdiyim kimi, fakt budur ki, bir nəfərin hüququ pozulub. Sən hüquq pozuntusuna qiymətini ver hələ, həmin cümləyə, məqaləyə də "Xədicənin əclaf olmasını", "QHT-lərin pul yeməsini" soxuşdurma. Xüsusən də, soxuşdurduğun cümlələrin faktı ifadə etdiyinə əmin deyilsənsə.
Bu qədər marginallaşma təhlükəlidir. Qravitasiya dalğaları tapıldı. Relyativizim tək fizikada deyil. Post-modernizmin ağalığa doğru getdiyi zamanda, xüsusən hər kəsin onlarla fərqli mövqe qoya bildiyi sosial şəbəkələrdə relyativizim həm də cəmiyyətdə ağalığa doğru gedir. Mən bu ağalığı bəyənmirəm. Ola bilər, nigar xanımın kitabı baha satdığını məhz bu anda xatılrladanlar da çox modernistdirlər və relyativizmi, zidd fikirlərin bir şəxsə eyni anda məxsus olmasını bəyənmirlər, amma kütləni itirmək olmaz. Bu, bizim üçün azərbaycanın, onunla bağlı arzularımızın itirilməsinə bərabərdir.
Zaur Qurbanlı - 17 Fevral 2016
(//www.facebook.com/raskolnikovrodion/posts/1064629076928172)
Convert edilmiş adsense kodları buraya gelecek

Yorumlar
Yorum Gönder