Bəzi miflər haqqında...
Son dövrdə hökumətyönlü mətbuatda bir neçə tezis müzakirə olunur və Azərbaycanın düşdüyü bu çətin, ağrılı böhrandan çıxış üçün bəzi təkliflər xilas yolu kimi vətəndaşlara sırınmağa çalışılır.
Mif nömrə 1: “Azərbaycan yüklərin tranzit mərkəzinə çevriləcək, Şərqdən Qərbə, Şimaldan Cənuba yüklər bizim üzərimizdən keçəcək, ölkə çoxlu pul qazanacaq” – Bu tezisi söyləyənlər ya coğrafiyanı yaxşı bilmirlər, ya da tranzit yükdaşımalarının gəlirlilik səviyyəsi haqqında məlumatları yoxdur. İlk öncə onu deyim ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti və nəzərdə tutulan Rusiya-İran dəmir yolu xətti doğru qərarlardır, amma bu ölkənin xilas mənbəyi deyil. Dünyada tranzitdən nəzərəçarpacaq qədər pul qazanan 2 ölkə var: Panama və Misir, hər ikisi də böyük su kanalları hesabınadır. Dəmir yolu tranzitindən pul qazanıb dolanan ölkə yoxdur. Azərbaycan ölkə olaraq, ən yaxşı halda bu iki dəmiryolu layihəsinin işləməsindən, yük tranzitindən ildə 50-60 mln. dollar pul qazana biləcək, bu da pis deyil, amma bir körpünün tikintisinə illərdir xərclənən vəsaitdən də azdır. Sizdə tam təsəvvür olsun deyə onu da qeyd edim ki, dünyada neft tranziti gəlirli sahə sayılır, amma 2016-cı ildə Qazaxstan neftinin və öz neftimizin tranziti üçün gəlirimiz cəmi 12,6 mln. manat (7,8 mln. dollar) olacaq.
Mif nömrə 2: “Xəzərdəki yeni gəmi limanı ölkəyə ciddi pul gətirəcək, Azərbaycan Dubay variantında inkişaf edəcək” – Bu tezisi səsləndirənlərin coğrafiya müəllimləri çox zəif olub. Xəzər dəniz deyil, okeana çıxışı, demək olar ki, yoxdur. Tək bu səbəbdən Xəzərdə işlədilən liman ancaq kiçik həcmli regional yüklərin daşınmasında rol ala bilər ki, bu əməliyyatlardan da gələn gəlir elə o Limanın işlədilmə və əməliyyat xərclərini ancaq ödəyəcək.
Mif nömrə 3: “Azərbaycan idxalı əvəzləyəcək məhsullar istehsal edəcək, bu da mal və məhsulların ucuzlaşmasına səbəb olacaq” – Bu qatarı çoxdan buraxdıq, çox gecikdik, amma reallıqlar da var. Azərbaycan yaxın zamanda heç vaxt elektrotexnika, məişət avadanlığı, avtomobil və s. mallar istehsal edə bilməyəcək, bunu qoyduq kənara. Amma deyirlər ki, geyim, pal-paltar, dərman istehsal edə bilərik, xub, olsun, tutaq ki, geyimi istehsal etmək asandır, yaxşı avadanlıq aldın, quraşdırdın, köynək, corab, tuman istehsal etmək istədin. Bəs xammalı haradan alacaqsan? Ölkədə pambıqçılıq məhv edildi, silindi, bəzi intriqaların qurbanı oldu, geyim istehsal etmək üçün ya parça almalısan, ya da, məsələn, pampıq alıb iplik, sonra da parça istehsal etməlisən. Pambığı, parçanı dollara alacaqsan, ölkədən yenə valyuta çıxacaq, tək yerli istehlakı ödəyəcək geyim istehsal edəcəksənsə, ixracatın olmayacaqsa, bu da manatı daha da dəyərdən salacaq, yerli istehsalın maya dəyəri artacaq, qiymətlər yüksələcək. Birdəki, sən bu gün bu işə başlasan Çinlə, Vyetnamla, Laosla, digər Asiya ölkələri ilə necə rəqabət aparacaqsan? Niyə mən, Azərbaycan vətəndaşı yerli baha mal almalıyam? Həmin köynəyin və corabın analoqunu Vyetnamdan gətirmək 2 dəfə ucuz olacaq axı! Ya da götürək dərman bazarını, xub, dərman zavodu tikdin, avadanlıq aldın, bəs bunun xammalı haradan gələcək, molekulları haradan alacaqsan? Təbii ki, xaricdən, bəs o zaman yenə manatın daha da dəyərdən düşməsinə xidmət etmiş olmayacaqsan ki?!
Bu mifləri uzada da bilərəm, amma düşünürəm ki, məntiq hamıya aydın oldu, bizə belə miflər sırımaqdansa, ölkənin düşdüyü vəziyyəti anlasınlar, bizim xalqa hökumət köməyi lazım deyil, mane olmasınlar – yetər. Tam ciddi deyirəm, bunun üçün isə vergi və gömrük yığımları minimuma endirilməli, dövlət iqtisadiyyatdan mümkün qədər çəkilməli, sadəcə “uzun və ucuz” kreditlərlə dəstək verməlidir. Geridə qalanını xalq özü edəcək, özü bu böhrandan çıxmağın yollarını tapacaq, amma bu hökumətlə, bu düşüncə tərzi ilə, bu sistemlə bu iş olmayacaq...
Natiq Cəfərli - 21 yanvar 2016-cı il

Yorumlar
Yorum Gönder