Sözün çəkisi

Dünya siyasətində, əsasən də iqtisadiyyatında, bazarlarda, birjalarda xəbərin, sözün, sözü deyən insanın, onun çəkisinin çox böyük önəmi var. Məsələn, ABŞ FED Başqanı Janet Yellenin açıqlama edərkən hər sözü, hər ifadəsi, hətta mimikası belə milyard dollarlarla ölçülür. Yellen mətbuat konfransinda elə bir ifadə işlədə, söz deyə bilər ki, bir anlıq dünya birjalarında dollar ya qalxa, ya enə, əmtəə ya dəyərlənə, ya da dəyərdən düşə bilər, bəzən onun 1 cümləsinin dəyəri hətta 1 trilyon dollar ola bilər.
Avropa Mərkəzi Bankının Başqanı Mario Draghi də elə bir gücə, çəkiyə malik insanlardan biridir. Bir neçə gün əvvəl mətbuat konfransında bir cümlə işlətdi ki, AMB bazarlara likvid vəsait verməkdə davam edəcək, aylıq alım proqramını 80 mlrd. avroya yüksəldəcək və bu proqram 2016-nın sentyabrında deyil də, 2017-ci ilin martında bitəcək. Həmən bütün dünya birjaları yüksəlişə keçdi, əmtəələrin qiyməti qalxdı, 2 günə Avropa və dünya birjalarının artım dəyəri 400 mlrd. avro civarında oldu.
Misalları uzada da bilərəm, bütün bu insanlarının sözünün çəkisi ona görə önəmlidir ki, yalan danışmırlar, sözlərinin arxasında isə güclü iqtisadi model, morent siyasi sistem və hərbi güc durur.

Bizim məmurlar şikayət edirlər ki, vətəndaşlarımız onlara deyil də, mətbuatda müstəqil fikir söyləyən insanlara daha çox inanırlar, onların sözlərinə görə addımlar atırlar. Şikayət etməkdənsə problemi özlərində axtarsınlar, özlərinə sual versinlər ki, səbəblər nədir? Səbəblər isə sadədir: Yalan danışırlar, primitiv və dayanıqsız iqtisadi sistemə malik olmağımız artıq sirr deyil, siyasi sistemimiz sovetdənqalmadır, ölkədə seçki yoxdur, söz azadlığı yoxdur. Yəni, məmurların əlində TV kanallar, saytlar, qəzetlər, dövlətin və hökumətin güc maşını, amma vətəndaşı inandıra bilmirlər, bu faciədir, tək məmurların deyil də, sistemin, siyasi və iqtisadi sistemin faciəsidir...





Natiq Cəfərli - 25 yanvar 2016-cı il





Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr