Neftdən daha səmərəli istifadə haqqında Natiq Cəfərli və Bəxtiyar Hacıyev arasında debat

Natiq Cəfərli:
- Bir barel neft 159 litrdir, emaldan sonra 168 litr olur, emal nəticəsində: 1) 102 litr benzin, 2) 30 litr dizel, 3) 25 litr aviakerosin, 4) 6,8 litr mazut, 5) 1 litr maşın yağı, 6) 120 ədəd şam alınır.
Bu hökumət 22 il mərmər parklara, səkilərə, bir yolu 10 dəfə təmir etməyə, mənasız idman oyunlarına xərclədiyi on milyardlarla dollara 2 böyük, müasir, dünyada yaxşı analoqu olan neftayırma və neft-kimya zavodu tiksə idi, indi 30 dollar olan nefti emal edib, 300 dollara satardıq. Elə 120 şamı 25 sentdən satsa idik, həmin 30 dollar edərdi. Heç olmasa, bu addımı atsa idilər, bu günə düşməzdik, jmıx haqqında düşünməzdik. Çox köhnə, savadsız və "vizion"suzdurlar. Nə isə... (14 yanvar 2016 (https://www.facebook.com/natig.jafarli/posts/10207331074048779))





Bəxtiyar Hacıyev:

- Əziz iqtisadçı dostumuz Natiq Cəfərli dünən 1 barrel neftdən neçə litr benzin, aviakerosin, dizel, neçə ədəd şam alınmasını yazıb, sadə hesablama edib, 120 ədəd şamın 25 sentdən elə 30 dollar etməsini, 30 dollarlıq nefti emal edib, 300 dollara sata biləcəyimizi yazıb. Mən də kiçik bir şərh yazıb, təklifin natamam olduğunu, ətraflı araşdırılmadığını, hər şeyin belə bəsit olmadığını yazmışdım və kifayətlənəsi idim. Amma həm orada, həm də başqa-başqa adamların mənə ünvanladıqları suallara görə, ayrıca bir daha ətraflı yazım.

1) Neft emalından sonra ortaya çıxan məhsulların neçəyə (dəfələrlə baha) satılacağını yazsa da, neft emalının XƏRCLƏRİ yazılmayıb. Məsələn, 1 ton aviakerosinin 600-900 dollara satıldığı yazılıb, ancaq 1 ton aviakerosinin HAVADAN alınmadığı, onun üçün neçə barrel neft istifadə olunduğunu, hər barreli də 30 dollara vuranda, xərcləri yazmayıb.
2) Neftdən alınan məhsulların hansı bazarlara satılacağı, o bazarlarda əlavə təklif olunacağı halda qiymətlərin sabit qalmayacağı, bazarların nə qədər doymuş (saturated) olması barədə, o bazarlara daşınma xərcləri və digər xərclər nəzərə alınmayıb.
3) Azərbaycanda belə bir araşdırma aparılmışdı və SOCAR səhv etmirəmsə, 2010-cu ildən belə bir layihə etmək istəyirdi. Lakin, Natiq bəyin təklif etdiyi miqyasda bir zavodun tikilməsi üçün 15-20 milyard investisiya qoymaq lazım idi. Zavodun tikintisi isə 3-6 il, gəlir gətirməsi isə daha uzun müddət çəkə bilərdi. Eyni zamanda, buna bənzər bir çox investisiyalar (hər şey özümüzdə olsun, gəmini də özümüz qayıraq, peykimizi də özümüz göyə buraxaq misalı) təcrübədə göstərib ki, dövlət dotasiyası olmasa, mənfəət gətirəcək səviyyəyə çıxmayıblar.

4) SOCAR Türkiyədə illərdir işlək olan PETKİM-in faizlərini alıb (50+%) və Petkimin 2500-dən çox işçisi var. Azərbaycanda bu sahədə, bu miqyasda bir müəssisənin idarəetməsindən tutmuş texniki heyətinə qədər mütəxəssis bazası da yoxdur. Eyni zamanda, SOCAR Türkiyədə Dövlət Neft Fondunun maliyyəsi ilə STAR neft emalı zavodunun tikilməsinə başlanılıb. Bu seçim də təsadüfi olmayıb, Azərbaycan sadəcə öz neftinin emalını yox, başqa mənbələrdən gələn neftin də emalını, daşınmanın daha asan və ucuz olmasını nəzərə alıb bu investisiyanı qoyub.
5) Qısacası, böhran vaxtında rəqəmlərlə oynayıb, günahkar axtarmaq, "120 şam istehsal edib 30 dollar qazana bilərdik" demək, "bizim öz peykimiz olsun, öz neftayırma zavodlarımız, öz milli iPhonelarımız olsun" təklifləri yazmaq asandır. Kağızda ümumi təkliflər çox gözəl səslənir (Müsavat Partiyasının "neftin qiyməti 30 dollardan aşağı düşsə, satmayaq, yığaq, amma pensiya və maaşları da artıraq" təklifi kimi). Ancaq, icraya gəldikdə, araşdıranda, bu təkliflərin əslində göründüyü qədər də asan və cazibədar olmadığı, idarəetməsinin asan olmadığı görünür. Bapbalaca bir layihəni reallaşdıranda nə qədər məqamın gözdən qaçdığı görülür, o da qalsın bu miqyasda layihəni reallaşdırmaq. (15 yanvar 2016 (https://www.facebook.com/bakhtiyar/posts/10153763696586421))



Natiq Cəfərli:

- Dəyərli dostum Bəxtiyar bəy dünən yazdığım, çox geniş yayılmış statusa, fikirlərə münasibət bildirib. Bunun üçün ona təşəkkür edirəm, qaldırdığı haqlı məsələlər də var, amma təməldən yanlış yola girdiyindən, səhv də nəticələrə gəlib. Bütün suallarına cavab verəcəm, amma təməl səhvini öncədən deyim: Bəxtiyar bəy yazdıqlarımı TƏKLİF kimi anlayıb, buna cavab yazıb, amma mən onu İTİRİLMİŞ FÜRSƏTLƏR kimi yazmışdım. Çünki, günü bu gün dünyada qabaqcıl texnologiyalarla təhciz edilmiş müasir zavod qurmaq istəsək bu 12-15 mlrd. dollara və 3-4 ilə başa gələcək ki, indi bizim nə pulumuz, nə də zamanımız var. İndi isə keçək əsas tezislərə və suallara, hamıya oxumaq rahat olsun deyə, Bəxtiyar bəydən sistat və ona cavab şəklində yazacağam.

Bəxtiyar bəy: “1 barrel neftdən neçə litr benzin, aviakerosin, dizel, neçə ədəd şam alınmasını yazıb, sadə hesablama edib, 120 ədəd şamın 25 sentdən elə 30 dollar etməsini, 30 dollarlıq nefti emal edib, 300 dollara sata biləcəyimizi yazıb”
Cavab: Mənim yazdığım budur, 1 barel neftdən - 1) 102 litr benzin, 2) 30 litr dizel, 3) 25 litr aviakerosin, 4) 6,8 litr mazut, 5) 1 litr maşın yağı, 6) 120 əded şam alınır. Bəxtiyar bəy isə məhz şama, onun bazarına fikir verdi, 102 litr benzinə isə, nə hikmətdirsə, fikir vermədi. Əslində şam misalı obrazlı və təsiredici gücə malik olduğu üçün onu ayrıca qeyd etdim. Məsələn, Avropada 1 litr benzin ortalama 1,2 avrodur, yəni, 102 litr benzinin son satış qiyməti 120 avrodan çoxdur. Təbii ki, benzinin istehsalı, daşınması, yerli vergilər bu qiymətin yarısına yaxınını təşkil edir, amma yenə də 102 litr benzini 50-55 avroya satmaq mümkündür. Sual çıxır ki, Avropa bizdən benzin alardımı? Yaxşı sualdır (sualları da özüm verirəm ki, iqtisadi olsun, humanitar yox), inkişaf etmiş ölkələrin hamısının öz neftayırma zavodları var, xam nefti alıb emal etmək onlara daha sərf edir. Amma, Rumıniya örnəyi də var, bir çox ölkələrə benzin sata bilir, çünki daha ucuz təklif edir. Bizə gələndə isə, hasilatımız az, qonşu bazarlarımız boldur, bizə bazar tapmaq o qədər də böyük problem deyildi. Qonşu Gürcüstan (benzini Rumıniyadan alır), qardaş Türkiyə (dünyada 2-ci ən bahalı benzin orada satılır, benzini Rumıniya və İtaliyadan alır), İran (İranın ciddi dizelə və benzinə ehtiyacı olub), Orta Asiya respublikaları neft məhsulları üçün yaxşı bazarlardır. Bir daha qeyd edim ki, bizim neftimiz o qədər azdır ki, bazar tapmaq emaldan sonra çətin deyil. Neftin emalı üçün hər barelı 1,5-2 dollar xərclənir, benzinin daşınması, əsasən, qatarla olur ki, bu da baha deyil və tranzit xərcləri xam neftdən də ucuzdur. Bəxtiyar bəy isə, ancaq şama diqqət ayırdı, mən dizel haqqında da benzin haqqında yazdıqlarımı təkrarlaya bilərəm.
Bəxtiyar bəy: “Neft emalından sonra ortaya çıxan məhsulların neçəyə (dəfələrlə baha) satılacağını yazsa da, neft emalının XƏRCLƏRİ yazılmayıb. Məsələn, 1 ton aviakerosinin 600-900 dollara satıldığı yazılıb, ancaq 1 ton aviakerosinin HAVADAN alınmadığı, onun üçün neçə barrel neft istifadə olunduğunu, hər barreli də 30 dollara vuranda, xərcləri yazmayıb”.
Cavab: Yuxarıda bəzi məsələlərə aydınlıq gətirdim, aviakerosin haqqında da burada yazım. Neftayırma zavodlarında ayrıca aviakerosin buraxmırlar, yəni, çeşidli məhsullardan biri də aviakerosindir, yəni, neft emal olunarkən ÜMUMİ xərclərin (1,5-2 dollar hər barelə) içində aviakerosinin də payı var. Kerosini ixrac etmək də lazım deyildi, yeni hava limanını tikərkən buranı “mini xab” kimi nəzərdə tutub, Şərqdən Qərbə uçan təyyarələrin yanacaqdoldurma məntəqəsi etmək olardı, bu mümkündür, hətta az miqdarda edilir də, sadəcə bunun üçün AZAL kimi inhisarçı-monstr yox, normal menecmenti olan avişirkət və servis şirkətləri lazım idi. Bir sözlə, kerosini heç yerə daşımadan, tonunu 600 dollara Bakıdaca sata bilərdik.
Bəxtiyar bəy: “Azərbaycanda belə bir araşdırma aparılmışdı və SOCAR səhv etmirəmsə, 2010-cu ildən belə bir layihə etmək istəyirdi. Lakin, Natiq bəyin təklif etdiyi miqyasda bir zavodun tikilməsi üçün 15-20 milyard investisiya qoymaq lazım idi. Zavodun tikintisi isə 3-6 il, gəlir gətirməsi isə daha uzun müddət çəkə bilərdi. Eyni zamanda, buna bənzər bir çox investisiyalar (hər şey özümüzdə olsun, gəmini də özümüz qayıraq, peykimizi də özümüz göyə buraxaq misalı) təcrübədə göstərib ki, dövlət dotasiyası olmasa, mənfəət gətirəcək səviyyəyə çıxmayıblar”.
Cavab: Sizinlə tam razıyam, dövlət iqtisadiyyatda ən pis menecerdir, əsas da bizim sistemimizdə, amma, normal investisiya şəraiti olsa, bura özəl sektor da gələ bilər, dövlət isə “startup” rolunda çıxış edib, 51% özündə saxlamaqla, özəl sektora idarəetməyə verə bilərdi. Buraya azıb-gələn investor qaçmağa çalışırdı, ona görə də bütün işlərimiz əyri getdi. Mənimdediyim dövlətin etməsi deyil, dövlətin ŞƏRAİT yaratmasıdır.
Bəxtiyar bəy: “SOCAR Türkiyədə illərdir işlək olan PETKİM-in faizlərini alıb (50+%) və Petkimin 2500-dən çox işçisi var. Azərbaycanda bu sahədə, bu miqyasda bir müəssisənin idarəetməsindən tutmuş texniki heyətinə qədər mütəxəssis bazası da yoxdur. Eyni zamanda, SOCAR Türkiyədə Dövlət Neft Fondunun maliyyəsi ilə STAR neft emalı zavodunun tikilməsinə başlanılıb. Bu seçim də təsadüfi olmayıb, Azərbaycan sadəcə öz neftinin emalını yox, başqa mənbələrdən gələn neftin də emalını, daşınmanın daha asan və ucuz olmasını nəzərə alıb bu investisiyanı qoyub”.
Cavab: Dünən yazdığım statusda 3 dəfə bu sual verildi, hər dəfə də cavab verdim ki, SOCAR-ın Türkiyə rafinə projesi doğru qərardır, sadəcə, “Azərbaycansayağı” olmasın, yoxsa o idaya da suya düşəcək. Bunu dediyim və yazdığım halda (bu haqda müsahibələrim də olub, google müəllimdən soruşa bilərsiniz), bunu mənə irad kimi bildirmək cığallıq idi.
Bəxtiyar bəy: “Qısacası, böhran vaxtında rəqəmlərlə oynayıb, günahkar axtarmaq, "120 şam istehsal edib 30 dollar qazana bilərdik" demək, "bizim öz peykimiz olsun, öz neftayırma zavodlarımız, öz milli iPhonelarımız olsun" təklifləri yazmaq asandır. Kağızda ümumi təkliflər çox gözəl səslənir (Müsavat Partiyasının "neftin qiyməti 30 dollardan aşağı düşsə, satmayaq, yığaq, amma pensiya və maaşları da artıraq" təklifi kimi). Ancaq, icraya gəldikdə, araşdıranda, bu təkliflərin əslində göründüyü qədər də asan və cazibədar olmadığı, idarəetməsinin asan olmadığı görünür. Bapbalaca bir layihəni reallaşdıranda nə qədər məqamın gözdən qaçdığı görülür, o da qalsın bu miqyasda layihəni reallaşdırmaq”.
Cavab: Bunu istərdim ki, cığallıq saymayım, yanlış anlama ilə izah edim, çünki, bir daha - Bəxtiyar bəy yazdıqlarımı TƏKLİF kimi anlayıb, buna cavab yazıb, amma mən onu İTİRİLMİŞ FÜRSƏTLƏR kimi yazmışdım.
Sonda bir daha Bəxtiyar bəyə təşəkkür edirəm, sadəcə biz siyasi və ictimayi həyatda özümüzü örnək olmaq istəyən yeni nəslin nümayəndələri kimi görürüksə, sullarımız da, iradlarımız da iyi niyyətli, aydınlığa xidmət edən olmalıdır. Əminəm ki, dəyərli dostum Bəxtiyar bəyin də niyyəti bu idi, təşəkkürlər, bəy! (15 yanvar 2016 (https://www.facebook.com/natig.jafarli/posts/10207336083774019?ref=notif&notif_t=notify_me))

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr