Hüqo və 3-cü Napoleon
1848-ci ildə 3-cü Napoleon seçkilərdə qalib gələrək Fransanın ilk xalq səsverməsi yolu ilə seçilən prezidenti olur (doğrudan 70 faizdən çox səslə seçilir) . Qanuna görə o cəmi bir dəfə seçilə bilərdi.
Lakin 1851-ci ildə o, parlamenti qanunu dəyişdirməyə vadar edir. Bundan sonra prezident 10 il müddətinə və bir nəfər üçün bu postu tutmaq limiti olmadan seçimək hüququ əldə edir.
Vaxtilə, 3-cü Napoleonun ilk seçkisində onu dəstəkləmiş Viktor Hüqo bu dəyişiklikdən sonra açıq şəkildə Lui-Napoleonu satqın adlandırır, respublikanı məhv etməkdə günahlandırır.
Lui Napoleon opponentlərini sıradan çıxartmaq üçün ölkədə kütləvi repressiyalara başlayır. Minlərlə adam həbsxanalara atılır, xeyli adam mühacirətə gedir. O cümlədən, Viktor Hüqo da əvvəl Brüsselə, oradan da Normand (Kanal, La-Manş) adalarına qaçır və mühacirətdə ikən Lui-Napoleona qarşı sərt mübarizəsini davam etdirir.
Lui-Napoleonsa prezidentliklə kifayətlənməyərək, özünü bir müddət sonra imperator 3-cü Napoleon adlandırır.
Sonra fransızlar Krım müharibəsində qalib gəlir, 3-cü Napoleon Parisin tarixi binalarının xeylisni söküb, şəhərin yeni arxitekturasını saldırır. Hörməti xeyli qalxır. Amnistiya verir, Hüqoya da vətənə qayıtmağı təklif edir. Hüqo təklifi rədd edir.
Arxasını uzatmayacağam, sonluq belədir. Napoleon Prussiyaya müharibə elan edir, məğlubiyyətə uğrayır, hamının hətta xanımının da onun intihar edəcəyini gözlədiyi halda, könüllü olaraq almanlara şəxsən təslim olur.
Paytaxt Paris almanlar tərəfindən ələ keçirilir. Parisin mühasirə dövründə isə Hüqo artıq vətəndə idi, Prussiya ordusuna qarşı başsız qalmış ölkənin müqavimətində iştirak edirdi.
Əsirlikdən buraxılandan sonra İngiltərəyə köçən Lui-Bonapart elə orada da ölür, Viktor Hüqo isə vətəndə 3-cü Respublikanın qurulmasında fəal iştirak edir.
Altay Göyüşov - 11 yanvar 2015-ci il

Yorumlar
Yorum Gönder