Yerdə balaca Günəş yaratmaq mümkün olacaqmı?
Dünən bəşəriyyət yeni enerji mənbəyinə keçid istiqamətində böyük bir addım atdı. Almaniyada çoxistiqamətli araşdırma cəmiyyəti Maks Planka məxsus bir institut elə özlərinin araşdırma bazalarında etdikləri eksperimentin fotolarını Tvitterdə paylaşdı. Fotolarda nüvə birləşmə reaksiyalarını aparmaq üçün dizayn olunmuş qurğunun ilk dəfə işə salınması əks olunub.
İndiyə qədər nüvə reaksiyalarından əldə olunan enerjidən və onun fəsadlarından, özüylə gətirdiyi təhlükələrdən yəqin ki, çox adam xəbərdardı. Güclü enerji mənbəyi olsa da, indiki nüvə reaktorlarından, zavodlarından çıxan tullantılar, zibillər insanları radiasiya təhlükəsinə məruz qoyur. Yaponiyada belə bir zavodda tək bir blokun dağılmasının belə faciəvi nəticələri hələ də qalmaqdadı, uzun müddət də qalasıdı. Məsələ orasındadır ki, bu tip zavodlarda müxtəlif elementlərin nüvələrini (əsasən Uran nüvəsi) parçalayıb enerji alırlar. Amma tərs proses, nüvələri birləşdirib də enerji almaq olar və bu enerji əvvəlkinə nisbətən 1000 qat daha çox ola bilər, üstəlik radiasiyası da təhlükəsiz olar.
Dünya elm mərkəzlərində ən çox maliyyə ayrılan eksperimentlərdən biri elə nüvələri birləşdirmə reaksiyaları ilə işləyən reaktorlar hazırlamaqdı. Hələ ki mümkün olmayıb. Səbəb də odur ki, belə reaktorlarda həddən artıq yüksək temperatur lazımdı. Az deyil, ona görə ki, milyon dərəcə Selsi temperaturdan söhbət gedir. Yəqin ki tanış gəldi, bu cür proses elə ulduzların içində gedən reaksiyalardır. Hidrogen atomlarının nüvələri birləşir, helium əmələ gəlir, açığa çıxan enerji ulduzun, Günəşin yanan kürə olmasını təmin edir. Heç deməyə ehtiyac yoxdur ki, Yer kürəsində hal-hazırda yaşamağımız Günəşin içində gedən həmin reaksiyalara bağlıdı.
Bu o deməkdir ki, bəşər övladı belə innovativ reaktorları qurmaqla Yer kürəsində öz kiçicik “günəş”lərini qurmaq istəyir. Nüvə fizikaçısı balaca bir otaq boyda “Günəş” qura bilsə, 100000 insan enerji ilə təmin olunar. Təmiz və tükənməz enerji. Bu mümkün olsa, neft buruqları dayancaq, neft və onunla gələn bəlalar tarixə gömüləcək. Elə o bəlalara səbəb olan rejimlər kimi.
Şəkildə sözügedən Plazma Fizikası İnstitutunun paylaşdığı tvitdi (Das erste Plasma! / The first plasma!). Reaksiyaları aparmaq üçün sabit plazma lazımdı. Sabitliyi isə qurğunun böyük hissəsini təşkil edən supermaqnitlər təmin edir. Plazma vasitəsilə temperaturu dünən 1000000°C-ə çıxara bildilər. Strellator adlı qurğu üçün bir milyard dollardan çox xərc çəkilib. Plazmanı saniyələr tərtibində sabit saxlamaq mümkün olub. Dünya elm ictimaiyyəti elə bu qədər kiçik zaman üçün sevinir. Amma bu vaxtı yarım saata qədər artırmaq lazımdı ki, istənilən nəticə alınsın. Strellator fizikasının başçısı D. Qeyts deyir ki, bütün dünya gözləyir ki, görəsən, biz bu uzunluqda vaxtı mümkün edə biləcəyik mi. Müxtəlif elmi qruplar arasında gedən rəqabət mümkün ola biləcəyinə böyük ümidlər verir.
Niyyət Bayramzadə - 11 dekabr 2015-ci il

Yorumlar
Yorum Gönder