Dostoyevski "Krımnaş", Turgenev "Rusiya dağılsa, yaxşıdır" deyərdi

Zamin Vəzir Hacı dünən bir status yazmışdı Tolstoyla Dostoyevski haqqında, onu oxuyanda ağlıma gəldi. Sözsüz ki, ikisi də böyük ədibdirlər. Amma mənim şəxsi təəssüratım budur ki, ictimai həyata adekvat yön göstərmək nöqteyi nəzərindən Turgenev ikisini də üstələyir.
Məsələn, Brokqauz və Efronun ensiklopediyasında Turgenev haqqında məqalədə qeyd edilir ki, onun Rusiyada təhkimçilik hüququnun ləğvinə birbaşa təsiri olub. Çünki çarın bu yöndə fikirlərinin formalaşmasında Turgenevin əsərləri şəksiz rol oynayıb.
Məsələ burasındadır ki, Rusiya 19-cu əsrdə həll ediləcək məsələləri gətirb çıxardıb 21-ci əsrə, bizi də zibilə salıb.
Dostoyevski haqqında çəkilən serialda bir epizod var, Turgenevlə dialoqdur (şərhdə linkini yerləşdirəcəm). Tarixdə birbaşa belə dialqoun olduğunu bilmirəm. Amma orada hər ikisinin dilindən səsləndirilən fikirləri ayrı-ayrı yerlərdə yazıblar. Dialoq Krım müharibəsinə münasibət ətrafındadır. Ona baxanda elə təəssürat yaranır ki, Dostoyevski indi yaşasaydı, "Krım naş" maykasını geyinib patriotluq edənlərdən olardı. Turgenev isə deyir ki, azadlıqları boğulan Rusiyanın elə dağılması yaxşıdır:) Hamımıza da məlumdur ki, məhz Krım müharibəsində məğlubiyyət səbr kasasını doldurur və son nəticədə çar təhkimçiliyi ləğv edən qərar verir.
Həmin o 19-cu əsr dialoqu Rusiyada indi də gedir. Məsələn, məşhur Rusiya TV aparıcısı Kisleyov Krımın ilhaqı dövründəki patriotik verlişlərindən birində deyirdi ki, bəs, Rusiya Avropanı Napoleon və Hitlerdən xilas edib. Hitlerə bir söz demirəm, tamamilə haqlıdır. Amma bir şey aydındır ki, Napoleon qalib gəlsəydi, təhkimçilik 1861-də deyil, 50 il əvvəl ləğv olnuradı. Bu da Rusiyanın ancaq xeyrinə olardı.

Axı Napoleon faktiki olaraq Fransa inqilabının nailiyyətlərini Avropaya daşıyırdı. Ona görə əksər alman mütəfəkirləri, hətta ingilis Bayron da Napoleonun vurğunu idilər, Höte ondan orden də almılşdı. Napoleon faktiki Prussiyada təhkimçiliyi ləğv etmiş, Almaniyanın bir dövlət kimi formalaşmasına təkan vermişdir. Napoleon tutaq ki, Frankfurtda yəhudi gettolarını divarlarını dağıtmışdır, azadlıq vermişdir, İspaniyada inkvizisiyanı ləğv etmişdir.
Rusiyanın özündə həmin Napoleonu məğlub etmiş zadəgan-zabitlər, yəni dekabristlər Fransa inqilabı ideyaları üçün uğursuz üsyan etmişlər. Həmin, həmçinin Qafqaza da sürgün edilmiş dekabristlər əslində bizim də maarifçilik hərəkatının yaranmasında inkarolunmaz rol oynayıblar. Yəni, Napoleon üzərində qələbə Rusiyanı irəli deyil, məhz geri aparmışdır. Hərçənd mən Napoleonu ilahiləşdirmək də istəmirəm, bəlkə də heç Napoleon hücum etməsəydi, çar 1-ci Aleksandr bir çox islahatları özü həyata keçirəcəkdi. Belə cəhdləri də var idi. Amma fərizyyəni kənara qoyaq. Fakt odur ki, məhz Napoleon üzərində qələbə Rusiya absolyutizmini daha da gücləndirmiş və onun Avropadan daha da geri qalmasına səbəb olmuşdur. Bu əslində məğlubiyyətə bərabər qələbə olmuşdur.
Halbuki, 50 il sonra Krım müharibəsində həmçinin 3-cü Napoleona məğlubiyyət Rusiyada təhkimçilik hüququnun ləğvinə, böyük islahatlara, bu ölkənin görünməmiş sürətlə inkişafına nədən olmuşdur.
1904 -1905-cı illərdə Yaponiyaya məğlubiyyət isə Rusiyada nəhayət ilk parlamentin açılması ilə nəticələnmişdir. Yəni, paradoksal görünsə də, bu konkret müharibələrdə Rusiyanın məhz məğlubiyyətləri inkişafı üçün imkanlar açmış, qələbələri isə onu daha da irticalaşdırmışdır.
İndi yenə də Rusiya qələbə çalır, qonşu ölkələrin ərazilərini ələ keçirir. Amma yendə də bu onun deyil, məhz ona məğlub olmuş Gürcüstanın inkişafına yol açır. Rusiya isə yuxarıda dediyim kimi hələ də 19-cu əsrdə həll etməli olduğu məsələlərin məngənəsində ilişib qalır və biz bədbəxtləri də girova çevirir.
Ölkənin gücünün ərazilərinin böyüklüyü, işğalçılıq gücü ilə müəyyən edilməsi 2-ci Dünya müharibəsindən əvvəlki dövrə aid dəbdir. Bu gün bir ölkənin gücü əhalisinin rifahı ilə müəyyən olunur. Bu mənada isə Rusiyaya müxtəlif dövrlərdə məğlub olmuş Fransa da, Almaniya da, Yaponiya da daha güclü və cəlbedici ölkələrdir. Turgenev də hələ 19-cu əsrdə məhz bunu deyirdi.
Dialoqa da baxın, maraqlıdır.


Altay Göyüşov - 07 may 2016

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr