"Telefonların zaryadkası" bitməyəcək
Bu yaxınlarda Almaniyanın alternativ enerji mənbələrindən hasil etdiyi təmiz enerji əhalinin tələbatını demək olar ki, tamamilə qarşıladı. 15 dəqiqə müddətində sayğaclar tərsinə işləyərək əhaliyə əlavə pul qazandırdı. Almaniya 2050-ci ilə kimi planlaşdırdığı bu nailiyyətə, görünür, vaxtından əvvəl nail olacaq. Elmə və texnoloji gəlişimə üstünlük verən digər dövlətlər də oxşar planlar işləyib hazırlamaqdadırlar. Bizdə də təmiz enerji üçün böyük imkanlar var və bunlardan konkret olaraq ikisi (günəş və dənizin dalğa enerjisi) haqqında daha əvvəl yazmışdım.
Böyük miqyaslarda bu cür potensial enerjilərdən əlavə kiçik şkalada da alternativ enerji mənbələri var. Məsələn, telefonun, tabletlərin batereyasına bəs edəcək qədər enerji mənbəsi mümkündür və hal-hazırda nanotexnologiya üzrə araşdırma qruplarından bəziləri sırf bu işlə məşğuldurlar. Belə mənbələrdən biri gündəlik geydiyimiz köynəklər ola bilər.
Xüsusi növ materialdan hazırlanmış köynəyi geyinirsiniz, hərəkət etdikcə həmin köynək elektrik cərəyanı hasil edir. Cərəyan da köynəyə qoşulmuş telefona ötürülür. “Google” və paltar brendi, tekstil nəhənglərindən “Levi’s” artıq bu cür paltarların istehsalı üçün ortaq proyekt üzərində bir araya gəliblər. Köynəklər ənənəvi iplərdən, liflərdən hazırlanarkən, bir hissəsi də nanomaterialdan ibarət olacaq. Ümumiyyətlə, hal-hazırda nanomaterial növü çoxdur (nanonöqtələr, nanovərəqlər, nanoborular və s.). Sözügedən köynəklərin elektrik hasil etməsi üçün isə nanokabellərdən istifadə edilir. Nanokabellər eni nanometr, uzunluğu da eyni, bəzən mikrometr tərtibdə olan silindrik formalı nanomaterialdır. Bəs nanokabelləri belə önəmli edən nədir? Məsələ orasındadır ki, nanokabel bir ölçülü (1D) materialdır, tükdən 10000 dəfə nazikdir. Bu, o deməkdir ki, digər ölçülərdə daşıyıcıların hərəkəti məhdudlanır və nanomiqyaslarda kvant fizikasının qanunları işləyir. Bu isə klassik materiallarda olmayan yeni xüsusiyyətləri mümkün edir.
Elə Almaniyada özümün də üzvü olduğum araşdırma qrupu nanokabellərin sintezi ilə məşğul olmaqdadır. Bizim qrup ənənəvi nanofabrikasiya üsullarından yararlanaraq yeni, hibrid mənşəli sintez metodu gəlişdirir. Nanokabellərin bu cür üsulla istehsalı daha ucuz, tez başa gələ bilər. Bunun üçün, təbii ki, uzun və yorucu əmək, yuxusuz gecələr, müxtəlif oriyentasiyalı laboratoriyalar, bir neçə araşdırma mərkəzində dəfələrlə edilən eksperimentlər tələb olunur. Kiçik bir elmi sualın cavabını bilmək üçün bəzən həftələr, aylar lazım gəlir.
Dünya üzrə müxtəlif elmi qruplar araşdırmaları davam etdirir və müəyyən nəticələr var. Elektrik hasil edən paltarların kütləvi istehsalına başlansa, yəqin ki, “telefonun zaryadkası bitib “ söhbəti birdəfəlik həll olacaq.
Niyyət Bayramzadə - 22 may 2016

Yorumlar
Yorum Gönder