Hüquq, yoxsa Məntiq?

Yunanlar, eyni suala çeşidli cavabların olduğunu görəndə, doğru cavabı axtarmağa girişirdilər. Romalılar belə durumda doğru cavabı deyil, faydalı cavabı tapmağa çalışırdı. Nəticədə, Yunanlar məntiqi yaratdılar, Romalılar - hüququ.
Təktanrılı dinlər yaranandan sonra, özəlliklə Xristianlıqda kilsənin bu işdə rolu böyük oldu, hüququ məntiqə tabe etdirdilər (haqqın Tanrıdan gəldiyini iddia edən teokratik nəzəriyyələr). Oyanma (Renessans) və Aydınlanma (Enlightment) çağlarında hüququ məntiqdən ayırmağa çalışdılar (haqqın insan təbiətindən doğduğunu iddia edən təbii hüquq nəzəriyyələri).
Yenilənmə (Modern) Çağında dövlət dini özündən ayıra, bütün ictimai işlərdə hakim mövqe qazana bildi və bununla hüququ yenidən məntiqə tabe etdirdi (pozitivist və normativist nəzəriyyələr). Sonradan, beynəlxalq hüququn və təbii hüquq nəzəriyyələrinin yeni örnəklərinin ortaya çıxmasıyla hüquqla məntiq arasında məsafə yenidən böyüməyə başladı.

Məntiq ən çox və daha yaxşı hakimiyyətin tətbiq olunduğu sahələrdə (ictimai işlərdə) gərəkli olur. Örnəyi, inzibati hüquq, məhkəmə prosesi. Özəl hüquq münasibətlərində, eləcə də beynəlxalq hüquqda, məntiq hüququ anlamaq və tətbiq etmək üçün çox da yararlı ola bilmir, hətta bəzən mane ola bilir. Burada tərəflər bərabər sayıldığından, şaquli (silloqistik: əgər - onda - deməli) yox, üfüqi (konsensual: razılıq hüquq yaradır) yanaşması üstün olur.




Erkin Qədirli - 19 may 2016





Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr