Xalq Cümhuriyyəti barədə yanlış inamlar haqqında
Bu gözəl bayram münasibəti ilə hər birinizi təbrik edir və cümhuriyyət dəyərlərini doya-doya yaşamanızı arzu edirəm))
Bəzən AXC haqqında deyirlər ki, bəs o dövlətin olmasından o vaxtki əhalinin xəbəri olmayıb filan. Düzdür, o zaman savadlı insan az idi deyə bütün hekayəni yaradan insanların sayı bir o qədər də çox deyildi, amma bu yaxınlarda bu məsələylə bağlı maraqlı bir şey öyrəndim. Sən demə cümhuriyyətin yaranmasını elan edən Milli Şuranın üzvləri 1918-ci il yanvarın 5-də Rusiyada Müəssislər Məclisinə seçilən şəxslər imiş O dövr çox maraqlı və qarışıq dövrdür. Bizimkilər birləşib bir yerdə giriblər seçkilərə və düz 600 min səs toplayıblar. O zaman Azərbaycan əhalisin təxminən 2 milyon olduğunu və qadınların səs vermədiyini düşünsək bu möhtəşəm nəticədir.
Maraqlıdır ki, dindarlar cəmi 60 min səs yığa bilib. Bu məsələdə yaxşı bir gediş edib cümhuriyyətçilər. Seçkidən əvvəl din xadimlərinin seçicilərə təsir etməsini qadağan edən bir qanun qəbul etdiriblər. Ona görə də dindarlara səs təkcə Bakı ətrafı kəndlərdən gedib. Rəsulzadənin öz kəndi Novxanıdan bir səs də gəlməyibmiş ona. Hətta üstünə qoçu çağırıb döydürmək istəyirmişlər
:)
Məncə 600 min səs xalqın cümhuriyyəti quranları yetərincə tanıdığına və dəstəklədiyinə gözəl örnəkdir.
Sonra iş elə gətirir ki, həmin müəssislər məclisi elə açılan kimi də buraxılır. Cənubi Qafqazdan ora seçilən nümayəndələr birləşərək Tiflisdə Zaqafqaziya seymini yaradırlar. O Seym dağılanda isə hər ölkə öz müstəqilliyini elan edir və tarixdə ilk dəfə Azərbaycan adlı ölkə doğulur.
Bir də cümhuriyyəti döyüşsüz təslim olmaqda qınayanlar var. Bəlkə doğrudan ordunun böyük hissəsi üsyan qaldıran erməniləri yatırmağa göndərilməsəydi, gürcülər bolşeviklərin vədinə aldanmayıb dağlı xalqları və bizimlə birgə birləşib ruslarla döyüşsəydi vəziyyət başqa cür olardı, amma yenə də sakitcə hər şeyin təslim edildiyini demək olmaz. Çünki o boyda Gəncə üsyanı var. Səbəbini blmirəm, amma nədənsə çox az bəhs olunur bu üsyandan. Heç dərsliklərdə də yox idi düzəməlli məlumat. Cümhuriyyət 28 apreldə işğal edildi amma ordunun zabitləri mayın 31-nə qədər Gəncədə düşmənə qarşı vuruşdu və məncə bu dirəniş Cavad xanınkı qədər şərəfli və qəhramanca idi. Amma heyf ki, hər ikisinin aqibəti eyni oldu. Gəncə üsyanı nəticəsində on mindən artıq azərbaycanlı, eləcə də bir çox yüksək rütbəli cümhuriyyət zabitləri həlak oldu. Qarşı tərəf də bir neçə min əsgərini itirdi. On mindən çox insan ölən yerdə, döyüşsüz təslim edildi demək olarmı?
Bir də məşhur İrəvan məsələsi var ki, o da ayrı bir dərddir. Bu uzun məsələdir amma mən deyərdim hələ tək İrəvanla məsələnin qurtarılması cümhuriyyətin diplomatik qələbəsidir, nəinki “cinayət”i.
Həm qurulması, həm dağılması on minlərlə insanın həyatına başa gəldi cümhuriyyətin. Qurucuları dünyanın dörd bir tərəfinə səpələndi. Didərgin düşdülər buralardan. Hər birinin ayrı bir faciəli həyatı oldu. Amma bütün bu faciələrin sayəsində bu gün bizə geri dönüb baxanda qürurlandığımız bir tarix qoydular. Cümhuriyyət! Rəsulzadə demişkən: "Sən bizimsən, bizimsən, durduqca bədəndə can!"
Fərid Mehrəlizadə - 28 may 2016

Yorumlar
Yorum Gönder