Vaşinqtonun korrupsiyası və Trump

ABŞ-ın establişment mətbuatı Trumpı yıxmaq üçün əlindən gələni etdi. Amma orada camaat arasında establişmentin "political correctness", siyasi etika-filan söhbətinə münasibət, bizim camaatın AzTv-yə münasibəti kimidir.
Söhbət onda deyil ki, ona dəstək verənlər müsəlmanlara, yaxud afroamerikalılara düşməndir, ya da ki, Trumpın bütün səyləmələri ilə razılaşırlar. Tam əminəm ki, bu belə deyil. Söhbət ondadır ki, onun antiestablişment ritorikası (tutaq ki, bizdə YAP əleyhinə, Hadı Rəcəbli, Zahid Oruc, Hacıbala, Abel və s. əleyhinə söhbətlər kimi) o qədər ürəkləri oxşayır ki, o qədər camaat korrupsiyalaşmış Vaşingtondan boğaza yığıb ki, Trumpın bütün çatışmazlıqlarını mətubat nə qədər diqqətə çatdırsa da, camaat vecinə almadı, göz yumdu. Bu sanki bizdə müxalifətin AzTv-dən söyülməsi kimi bir şey idi. Tam əks effekt verirdi. Yalnız bir ciddi fərq də var idi ki, Trumpın özünün də ABŞ Tv-lərə mütəmadi şəkildə çıxmaq imkan olurdu. Sanki primitiv, qaraguruh, savadsız bir müxalifəti səhərdən axşama AzTv-yə buraxmısan, Hacıbalaya, Hadı Rəcəbliyə dişinin dibindən çıxanı deyir. Camaat üçün Trump-ın qaraguruh, primitiv, siyasi savadsız olması əsas deyildi. Əsas odur ki, antiestablişmentdir, YAP-ın əleyhinədir, ürəkdən tikan çıxardır:)
Ümumiyyətlə, indi istər ABŞ-da, istər Avropada establişmentin ciddi, inqilabi reinventə-yenilənməyə ehtiyacı var. Obamalarla, Trudeaularla kosmetik dəyişiklik, nə bilim Trump, Le Pen əleyhinə səfərbərliklə məsələləri sadəcə müvəqqəti uzatmaq olar. Dəyişiklik isə labüddür.
ABŞ-da Klintonun udması isə antiestablişment əhvali ruhiyyəsini daha da qaldıracaq, inqilabi situasiyanı daha da kəskinləşdirəcək. Tutaq ki, indi Klintonun kampaniyasına rəhbərlik edənlərdən biri, bizim hökumətdən hər ay milyonlarla dollar alan lobbiçidir. Bütün Vaşinqton da bunu bilir, hər gün yazırlar, hamı da etriaf edir ki, diktaturadan pul almaq amoral bir işdir. Amma heç nə edə bilmirlər, sadəcə çiyinlərini çəkirlər. Sistem işləmir. Ona görə Klintonun prezident seçilməsi ya inqilabi dəyişikliklərlə, ya da demokratiyadan başqa, daha avtoritar, daha açıq korrupsioner sistemə keçidlə nəticələnəcək. Bu tarix o qədər təkrarlanıb ki.

Sadəcə Amerikanın bir də güclü, inkarolunmaz reinvent-yenilənmə ənənəsi var. Ümid yalnız onadır.


Altay Göyüşov - 04 may 2016


Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr