"İlham Əliyev də status-kvonun tərəfdarıdır"

Bu gün Qarabağ problemi ətrafında heç bir ciddi proses yoxdur. Sadəcə İlham Əliyevin korrupsiya əməllərini ifşa edən "Panama Papers" adlı sənədləri və məsələni ört-dasdır etmək, manatın devalvasiyası, iqtisadi krizis və sosial problemləri gündəmdən çıxarmaq üçün Qarabağ kartı hakimiyyət tərəfindən istifadə edildi. Əslində isə status-kvo nə idisə, indi də odur. Dəyişən bir şey yoxdur! Nə Rusiya bizi dəstəkləyəndir, nə Minsk Qrupu məsələyə ədalətli yanaşandır, nə Qərb bizə dəstək durandır, nə də Ermənistan geri çəkiləndir. Bir sözlə, nə dünya dəyişib, nə Azərbaycan...
Vyanada Əliyevlə Sarkisyanın görüşündən heç bir gözlənti olmamalıdır. 10 ildən çoxdur, görüşürlər, bu da görüşlərdən birisi olacaq. Hər iki prezidentə Qarabağ probleminin olduğu kimi qalması sərf edir. Bu gün yalnız Sarkisyan və Ermənistan deyil, İlham Əliyev də status-kvonun tərəfdarıdır. Çünki Qarabağı geri almaq üçün savaşmaq lazımdır. Savaş da indiki hakimiyyət üçün əlavə risklər, ruslarla problemlər deməkdir. Ona görə də ta əvvəldən planları - bir-iki yüksəklik alıb, gündəmi dəyişib, sonra Qarabağ mövzusunu maksimal dərəcədə gündəmdə saxlamaq idi. Hakimiyyət anlayır ki, danışıqlar yolu ilə də problemi həll etmək üçün rusların "sülhməramlı" qüvvələrini Qarabağda yerləşdirməlidir. Bu, Qarabağın birmənalı olaraq itirilməsi deməkdir. 4-5 rayonun güya bizə qaytarılması mövzusu da keçərli deyil. Çünki ermənilər Qarabağın statusu probleminin həll olunmaması və ya referendumla bağlı beynəlxalq razılaşmanın olmadığı təqdirdə zəbt etdikləri ərazilərdən çıxmayacaqlar. Çıxmadıqları zaman da, təbii ki, yenə savaş olmalıdır!!! Savaş da, dediyim kimi, Əliyevlər üçün siyasi risklər deməkdir.

Beləliklə, əgər Qarabağ itirilibsə, demək bundan sonra Rusiya ilə Qərb arasında balans saxlamağın anlamı da yoxdur. Bununla da hakimiyyət düşünür ki, belə vəziyyət Qərbyönümlü, avrointeqrasiya tərəfdarlarının əl-qolunu açacaq. Çünki "Qarabağ yoxdursa, heç olmasa tərəqqi, inkişaf və demokratiya olsun" deyənlərin sayı günü-gündən artacaq. Axı bunların hamısı Rusiyada yox, Qərbdədir!
Hakimiyyət Rusiyaya da sığına bilmir. Çünki pulları Qərb banklarında (əslində pulların harada olduğu fərq etmir, çünki bütün köçürmələr ya ABŞ, ya Avropa korrespondent bankları tərəfindən həyata keçirilir!), mülkləri isə ən azı Londondadır.

Bir sözlə, İlham Əliyev Qarabağ problemini heç vaxt həll etməyəcək. Çünki ərazi bütövlüyümüzü bərpa etmək ona sərf etmir. Qarabağı düşünən əsl dövlət adamı korrupsiyaya bulaşmaz və övladlarına Londonda ölkəmizin illik hərbi büdcəsinin 1/4-i miqdarında mülk almaz. Gündəmə güclə soxuşdurulan "Qarabağ prosesi" - hakimiyyətin növbəti siyasi imitasiyasıdır!



Azər Qasımlı - 16 may 2016



Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr