Millətçi siyasətin bizdən gizlətdiyi qəhrəmanlarımız
“Azərbaycanın qızıl ulduzları” kitabı. Iki dildə nəşr olunub: azərbaycan və rus. Təzəlikcə əlimə keçib. Oxuyub görürəm ki, II Dünya müharibəsi (Böyük Vətən müharibəsi) zamanı Azərbaycan SSR-dən Qızıl Ulduz alan, yəni Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 121 nəfər olub. Onlardan 42-si azərbaycanlıdır, təxminən bir o qədəri də ermənidir. Bunlardan 24-ü Qarabağda doğulan ermənilərdir. Yerdə qalan qəhrəmanlar isə müxtəlif millətlərdən olan (rus, yəhudi, tatar, ukraynalı və sair) Azərbaycan SSR vətəndaşlarıdır. İnternetdən tapdığım məlumatlara görə hətta aralarında Fəxri Xiyabanda basdırılanları da var, məsələn Kuturqa İvan Vasilyeviç (kazak), Levin Semyon Samuiloviç (yəhudi), Fedorenko Stepan Alekseyeviç (ukraynalı) . Eləcə də II Fəxri Xiyabanda basdırılanı var, Şlyaxturov Pyotr Petroviç (Şamaxı rusu), amma çox təəssüf ki, bu qəhrəmanlar haqda vikipediyada azərbaycan dilində məlumat yoxdur.
121 nəfərin içində ilk olaraq Sovet İttifaqı Qəhrəmanı adina layiq görülən şəxs azərbaycanlıdır, İsrafil Məhərrəm oğlu Məmmədov. Şamxorun (indiki Şəmkir) Qapanlı kəndində doğulub (16.03.1919). Vzvod komandiri, leytenant olub. O, bu yüksək ada 1941-ci ilin 11 dekabr tarixində layiq görülüb. Onda onun cəmi 22 yaşı olub. Kitabda yazılıb ki, Məmmədovun döyüşdüyü Novqorod yaxınlığındakı Pustınka kəndinin müdafiəsi 10 saat davam edib. Döyüşün sonuna yaxın atıcı polkundan cəmi 9 nəfər sağ qalır. Məmmədov snayper imiş. Onun avtomatındakı gülləsi qurtarandan sonra tüfəngi götürür və atmağa başlayır. Tüfəngdəki gülləsi də qurtarandan sonra özü meydana atılır, hətta faşistlərlə əlbəyaxa döyüşür. Qeyd edilir ki, o bu döyüşdə təkbaşına 70 nəfər faşist əsgəri və zabitini öldürüb. Təsəvvür edirəm, İsrafil Məmmədov nə cür döyüşüb ki, bu ada layiq görülüb. Müharibə dövründə aldığı çoxsaylı zədələr və xəstəliklər nəticəsində İsrafil Məmmədov çox yaşamayıb, 1946-cı ilin 1 may tarixində 27 yaşında vəfat edib. Qəbri Gəncədədir.
Azərbaycan ermənilərindən isə ilk olaraq bu ada layiq görülən Şuşa ermənisi Stepanyan Nelson Georgiyeviç (28.03.1913) olub. O, ikiqat Sovet İttifaqı Qəhrəmanıdır. İlk dəfə o, bu adı 1942-ci ilin 23 oktyabrında alıb, ikinci dəfə isə ölümündən sonra, 1945-ci ilin 6 mart tarixində bu ada layiq görülüb. Hücumçu-təyyarəçi, qvardiya podpolkovniki Stepanyan Nelson 1944-cü ilin dekabrında Latviyanın Liepaya şəhəri uğrunda gedən döyüşlər zamanı həlak olub. O, qırıcı təyyarəsi ilə təkbaşına 13 düşmən gəmisini bombalayıb suda batırıb, qrup şəklində isə 80 tank, 600 maşın və 27 təyyarə məhv edib. Daha nələr-nələr.
Bildiyiniz kimi Həzi Aslanov da iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Birinci dəfə 1942-ci ilin 22 dekabrında, ikinci dəfə isə 1991-ci ilin 21 iyun tarixində. Maraqlıdır ki, həmin vaxtı SSRİ artıq dağılmışdı. Ən maraqlısı isə odur ki, 1975-ci ildə nəşr edilən bu kitab-ensiklopediyada xronoloji ardıcıllıq pozularaq birinci Aslanov Həzi Əhəd oğlu haqda məlumat verilib, halbuki əlifba sırasına görə siyahıda ilk yerdə Abdullayev Məmiş Şahbaz oğlu gəlməli idi. Eyni zamanda, kitabda Osipov Pavel Dmitriyeviç, Petruxin Nikolay Dmitriyeviç və Xakimov Mixail Kabiroviç haqda bioqrafik məlumatlar verilsə də onların döyüş yolu haqda heç bir info getməyib, amma hər üçü haqda vikipediyada məlumat tapa bilərsiniz.
Azərbaycan SSR-dən müharibəyə gedənlərin arasında sonradan marşal rütbəsinə kimi yüksələnlər də olub. Bunların sayı 2-dir və hər ikisi ermənidir, özü də hər ikisi Yelizavetpol (indiki Gəncə) quberniyasının Çardaxlı (indiki Çənnibel) kəndində anadan olublar. Bunlar: Tank Qoşunları marşalı Babacanyan Amazasp Xaçaturoviç və Sovet İttifaqı Marşalı Baqramyan İvan Xristoforoviçdir. Babacanyan bir (24.04.1944), Baqramyan isə ikiqat Sovet İttifaqı qəhrəmanıdır (29.07.1944 və 01.12.1977). Kitabda göstərilir ki, Babacanyanın rəhbərlik etdiyi tank korpusu təkcə Smolensk vilayətinin Yelnya şəhəri ətrafında gedən döyüşlərdə düşmənin 6000-dən çox əsgər və zabitini, 30-a yaxın tankını, onlarla minomyot və pulemyotunu, 100-ə yaxın maşın və motosikletini məhv etmişdir. Baqramyanın qoşunları isə Latviya və Litva cəbhəsində aparılan bir aylıq hücum əməliyyatı dövründə düşmənin 162 təyyarəsini, 396 tankını və özüyeriyən topunu, 3946 avtomaşınını məhv etmişdir. Eləcə də, düşmənin 56 610 əsgər və zabitini öldürmüş, 8249 nəfərini isə əsir götürmüşdür.
Kitabda adı çəkilən 121 Qəhrəman “qədim Azərbaycan torpağının qəhrəman oğulları” kimi təqdim edilir. İnternetdə azərbaycan dilində bu məlumatları tapa bilmyəcəksiniz, çünki II Dünya Müharibəsi zamanı Azərbaycan SSR-in qəhrəmanları siyahısında ancaq milləti azərbaycanlı olanları yerləşdiriblər, digər millətlərdən olan qəhrəmanların adı isə yoxdur, onları silib atıblar. https://az.wikipedia.org/…/Az%C9%99rbaycanl%C4%B1_Sovet_%C4…
İndiki hakimiyyət doğurdan da Azərbaycanın ərazi bütövlüyünü qorumaq fikrində olsaydı, burada yaşamış və çalışmış bütün millətlərdən olan insanlara hörmət edərək bu kitabın latın qrafikası ilə olan nüsxəsini nəşr etdirərdi, çünki onların uğuru bütöv Azərbaycanın uğuru deməkdir. 25 ildən çoxdur Azərbacanda aparılan radikal millətçi siyasət ölkəni inkişafdan geri qoyub və saxta “ərazi bütövlüyü uğrunda mübarizə” adlı model ortaya atılaraq inkişaf etdirilib. Hal-hazırda Azərbaycanda üzdə görünən “inkişaf” küllü miqdarda əldə olunan pulun hesabınadır. O pulu Afirkadakı qəbilələrin birinə versəniz, onlar da “inkişaf” edərlər.
p.s. Fotodakı siyahıda gördüyünüz istənilən qəhrəman haqda hansısa info almaq istəsəniz, çəkinməyin, müraciət edin. Bu 2 günü qəhrəmanlarımıza həsr etməyə hazıram:)
Gülya Xaki - 08 may 2016

Yorumlar
Yorum Gönder