Avropada erməniləri sevirlər mi?
Mən, 40 yaşında bir həkiməm. Sumqayıtda doğulmuşam. Orada böyümüşəm. Valideyinlərimin kəndləri ilə o vaxt da, indi də sıx əlaqələrimiz var.
Bunları niyə yazıram? Yəni, sizin çoxunuzun keçdiyi yerlərdən keçmişəm, yeyib-içdiyinizdən mən də yemişəm, içmişəm.
Ailəmiz erməni ilə davada şəhid verib. Rusun topu evimizi-eşiyimizi dağıdıb. Hələ başımdan başqa şeylər də keçib. Hər şeyin öz zamanı var, necə deyərlər.
Bizim erməni ilə davamızda Avropanın, xüsusilə də Fransanın erməniləri dəstəklədiyini düşünürük. Buna inanırıq. Bu fikrə sitayiş edirik sanki.
Mən isə bu fikirlə razı deyiləm.
Cəmiyyətimizdə sümükləşmiş bu ideyanı necə tərk etdim?
Əslində, bunun nisbətən uzun hekayəsi var. Amma hər proses kiçik hadisələrdən meydana gəlir.
Bu da kiçik bir hadisə.
Bu minilliyin başlanğıcında, düz 2000-ci ildə mən İstanbulda urologiya asistenti idim. Vaxt və pul cəhətdən kasad idik. Amma vətən eşqindən isə bol. Bu məhəbbət ilə vətənimiz və insanımız üçün faydalı işlər görməyə çalışırdıq. Hərə bir şey edirdi, mən də ana dilimizdə əməliyyat sistemi buraxmaqla məşğul idim.
MandrakeSoft şirkətinin i18n layihəsində Qafqaz koordinatoru idim. Könüllü işləyirdim. Qəpik də qazanmadım bu işdən. Bizim kontor dünyanın hər yerinə səpələnmişdi. Layihə rəhbərimiz Belçikanın Liege şəhərində yaşayırdı. Öz də millətcə basq idi.
İşlər yaxşı gedirdi. Mandrake Linux 7,4 Azərbaycan dilində ilk rəsmi əməliyyat sistemi oldu. Bəzi digər şirkətlər də müəyyən məsələlər üçün mənə müraciət edirdillər.
Bu gün Noveçdən məktub aldım. TrollTech şirkəti KDE distributivində iştirak etməyimi istəyirdi. Qəbul etdim.
O zaman SSRi-dən qalan ölkələrin sinifləndirilməsi gedirdi. Azərbaycanı Asiyaya yazdılar. O dəqiqə etiraz etdim. Uzun bir məktubla bizim xalqın özünü avropalı hiss etdiyini bildirdim.
Cavab qısa oldu.
"Avropalı yunan-roma xristian mədəniyyətinin daşıyıcısıdır".
Şok, şok, şok.
Məktubu gördüyüm anda heç üzülmədim. Layihə rəhbəri böyük səhv buraxmışdı. Azərbaycanı Avropa ölkəsi olaraq qeyd edəcəkdilər. Niyə?
Avropalı da insandır. Onlar da fanatik, dindar, tənbəl, irqçi ola bilərlər.
Avropalıların baş əydikləri yeganə şey Qanun-dur. Bundan tam əmin idim.
Avropalılar azadlıq üçün sözün əsl mənasında vuruşublar. Bu yolda son 200 ildə aşağısı 80 milyon insan itiriblər. Bu hallar təkrarlanmasın deyə də öz ideallarını elan ediblər:
Helsinki İnsan Haqqları Bəyannaməsi
Nəinki avropalı hökümətlər, sadə insanlar da bu bəyannaməyə hərfi-hərfinə uyurlar. Bir növ mədəniyyət məsələsidir bu.
Thomas bu bəyannaməni pozmuşdu. Öz də rəsmi şəxs-layihə rəhbəri olaraq.
Bu fikirlər beynimdən ildırım sürəti ilə keçdi. Tam-tamına 15 saniyə sonra üzrxahlıq və Azərbaycan, eləcə də Qafqaz ölkələrinin hamısı Şərqi Avropa masasına bağlandığı müjdəsini verdi.
Dostlar, həmvətənlər. Biz, 200 ildir cığal rusun əlində qalmışıq. Onlar kimi düşünürük. Həyatdan həmişə pislik və "atış" gözləyirik.
Avropa insana hörməti bayraq edib və qaldırıb başının üstünə. Əlbətdə, avropalı da irqçidir. Əlbətdə, səni, məni sevmir. Adam öz əmisini sevmir, sən nə gözləyirsən?!
Avropalı qanunları sayır, haqqı sayır.
Elə isə, Avropanın erməninin tərəfində olduğu, müsəlmana düşmən olduğu fikrinə niyə bu qədər inanırıq?
Özümüz tənbəlik, belə düşünmək bizi rahatladır deyə. "Biz ki belə oğlanlarıq, erməni kimdir bizi uda. Ona Yevropa arxa durur" fikri öz miskinliyimizi örtmək üçün bəhanədir sadəcə.
Avropa ilə işləyərək Qarabağı da həll etmək olar. Avropa ilə işləyərək inkişaf etmək də olar.
Bu, çox asandır.
Qanunları bilmək və əməl etmək lazımdır.
Sizə yaxşı xəbərim var.
Qanun bizim tərəfimizdədir.
Dr. Vasif İsmayıl - 14 noyabr 2015
(https://www.facebook.com/vasif.ismayil/posts/1024630414268653?fref=nf&pnref=story)
Yorumlar
Yorum Gönder