Suriya böhranından çıxış yolu haqqında
Davamlı olaraq Suriya ilə əlaqəli dramatik məlumatlar (insan faciələri) yayılır (söhbət nələrdən getdiyi bilindiyi üçün detallaşdırmaq istəmirəm; izləmək belə emosional olaraq "ağırdır"). Bununla əlaqədar son dövrlər hamının, hardasa, fokuslandığı məsələ Avropa ölkələri və miqrant problemidir. Amma "miqrant məsələsi"nin özlüyündə problemin mahiyyətini təşkil etmir (ayrılıqda, "miqrant məsələsi"nin öz problematikası var; cari postda mənim mövzum bu deyil). Onun yarandığı kökdür əsas problem (yəni hazırki kontekstdə müharibə). Onu da daha "liberallaşdırılmış" və daha "yüksəkssaylı kvota" ilə həll etmək mümkün deyil praktiki olaraq, mənim fikrimcə (bunu "bu da olmasın" deyə demirəm).
Düzdür, Suriya problemi kimi komleks məsələni bir neçə cümləlik post yazmaq "müdrikliyi" ilə həll etmək iddiasında deyiləm. Amma Suriya vətəndaş müharibəsinin daha tez həlli, o cümlədən bugün gördüyümüz dramatik hadisələrin azaldılması üçün Qərb dövlətlərinin taməsaslı humanitar müdaxiləsi həlledici ola bilər(di). Çünki hazırki kontekstdə bunu ancaq bu qrup edə bilərdilər. Belə bir humanitar müdaxilənin həyata keçməməsində həlledici amillərdən biri isə Qərb ictimaiyyətində hakim olan "sülh aktivizmi" və həm də Qərb ictimaiyyətində mövcud olan "anti-imperialist" diskurs idi (dur). Hazırda da bu diskursun daşıyıcıları mövzunu "miqrant məsələsi"nə müncər etməklə bağlamaq istəyirlər; humanitar müdaxilə perspektivinə skeptik və hətta bir sıra (bir çox) hallarda düşməncəsinə yanaşırlar. Humanitar müdaxilə perspektivinə qarşı çıxmaq üçün əsas istinad mənbəyi isə İraq müdaxiləsinin uğursuz örnəyi idi (İraq müdaxiləsinin öz konteksti və səhvlərini nəzərə almadan). İndi isə hər bir halda müdaxilə olmadığı hallarda daha çox insan faciəsinin olduğunun bir daha şahidi oluruq.
Suriyada artıq de facto müharibə var. İnsan itkisi (faciəsi) var. Müharibə/hərbi müdaxilə "lənətləyən" yanaşma ilə də bu müharibə bitəsi deyil. Müharibəni bitirə biləcək və insanları satisfaksiya edə biləcək qaydanı yaratmaq potensialı olan institut humanitar müdaxilədir (bütün qüsurları ilə bərabər). Sual meydana çıxa bilər ki, humanitar müdaxilə olsa, məsələ birdəfəlik sıradan çıxacaqmı və insan faciələri olmayacaqmı? Əslində, humanitar müdaxilə də hərbi əməliyyatlarla bağlı olduğu üçün belə olmayacaq. Amma praqmatik yanaşmaq lazımdır. Belə bir müdaxilə daha çox insanı xilas edə bilər və daha az insan itkisi (faciəsi) ilə nəticələnə bilər. Hər bir halda itkinin olacağı hallarda çox itki/az itki şkalası əsasında praqmatik yanaşmadan başqa çıxış yolu olmur əsasən.
Düzdür, bu mövzu bizdən asılı olan məsələ də deyil (amma yenə də izləyirik). Qərb ictimaiyyətindən asılıdır. Açığı o tərəflərə baxanda da humanitar müdaxilə perspektivi görə bilmədiyim üçün təəsüflənirəm. Belə getsə məyusedici faciələri izləməyə davam etməli olacağıq. Təbii ki, olmaması və ya mümkün qədər azalmasına hər bir halda ümid etmək qalır.
Səməd Rəhimli - 4 sentyabr 2015-ci il

Yorumlar
Yorum Gönder