Dekabr ayının iqtisadi təhlili

Dekabr ayı həm siyasi, daha çox da iqtisadi anlamda çox maraqlı ay olacaq. Bir-birinin ardınca önəmli hadisələrin, dünya iqtisadiyyatına təsir göstərə biləcək qərarların olması gözlənilir. Bunların Azərbaycana da təsirləri olacaq, amma bizdə iqtisadiyyat olmadığından yeganə təsir həmişəki kimi neft qiymətləri və manatın məzənnəsi üzərindən olacaq:

1) Dekabrın 4-də OPEK-in növbəti toplantısı olacaq, Venesuella israrla lobbiçilik edir ki, hasilat kvotaları düşürülsün, neftin qiyməti, heç olmasa 60-70 dollara qalxsın. Amma Səudiyyə və digər OPEK ölkələri bu təklifə yaxın durmur, səbəbi də Səudiyyə və digər ərəb dövlətlərinin əbədi və əzəli rəqibi İran dövlətidir. OPEK 2011-ci ildə İranın təşkilat daxilində kvotasını ləğv etdi, indi isa İran dünyaya geri dönür, sanksiyalar qalxır, öz kvota payını geri istəyir. Bunun üçün gərək başqa dövlətlər payını azaltsın ki, OPEK-in ümumi istehsal kvotası (gündəlik 30-31 mln barel) artmasın. Amma heç kim bazar payını itirmək istəmir, çünki OPEK-ə daxil olmayan dövlətlər bazarlara daha aqressiv müdaxilə edir, həm də elə OPEK üzvləri də kvotaları aşırlar, azı günə 1,5-2 mln barel kvotadan daha çox neft istehsal edirlər. İran da bazara əlavə gündəlik 1-1,5 mln barel neft çıxartmağı düşünür. Təbii ki, bu neft ərəblərin bazardakı yerini sıxışdıracaq, buna görə də, OPEK hasilatı azaltmayacaq, sadəcə yekun bəyanatda buna çağırış edəcək. Bazarlar bu çağırışa reaksiya verməsə, neft daha 5-10 dollar aşağı düşəcək.


2) Avropa Bankının Başçısı Mario Drage dekabr ayının 5-də mətbuata açlqlama verəcək. Avropa Mərkəzi Bankı, sadə dillə desək, daha çox avro çap edib, bazara səpməyi düşünür ki, iqtisadi aktivliyi artırsın, ayın 5-də bu qərar elan olunacaq, avro dollar və digər əsas valyutalar qarşısında bir az ucuzlaşacaq – bu da neft qiymətlərinə mənfi təsir edəcək.

3) Dekabr ayının 15-16-da ABŞ-ın Mərkəzi Bank funksiyasını həyata keçirən Federal Rezerv Sistemi (FED) bu ilin son toplantısını keçirəcək. Çox böyük ehtimal var ki, FED faizi artıracaq, bu toplantıda 10 nəfərin səsvermə hüququ olacaq (rotasiya sistemi var orada, səsvermə hüququ olanlar dəyişir) və artıq 6 nəfər bəyan edib ki, faiz artırılmasına səs verecək, 2 nəfər hələ düşünür, 2 nəfər isə buna qarşı olacaq. Göründüyü kimi, o iclasa qədər fəlakətli bir şey baş verməsə, faiz artacaq, bu da dolların daha çox bahalaşmasına gətirib çıxaracaq. Bu isə “baha dollar = ucuz neft” formulunu işə salacaq. Tək neft deyil, qızıl da, başqa əmtəə malları da ucuzlaşacaq.

Yuxarıda yazdığım kimi, bizdə iqtisadiyyat yoxdur, bir boru var, bir də bacarıqsız hökumət. Bütün bu yazdıqlarım baş versə bizə təsiri, əsasən, 2 yöndən olacaq: 1) Neft düşməsi ölkə gəlirlərini daha da azaldacaq, problemlər daha də dərinləşəcək, 2) Doların bahalaşması və neftin ucuzlaşması manatı daha da dəyərdən salacaq, bu isə bank sektorunu və daxili ticarəti daha da pis duruma salacaq.

Hökumət də ölkədə bir dənə normal, işlək, bacarıqlı institut qoymayıb ki, bütün bu çağırışlara cavab verəcək proqramlar hazırlansın, yenə də köhnə qaydada düşünür, tək “dubinkanın sehrinə” inanırlar...

Natiq Cəfərli - 29 noyabr 2015-ci il

Yorumlar

Bu blogdaki popüler yayınlar

Pambığa gedən müəllim niyə trolluq edir?

Erdoğan niyə erkən seçkiyə gedir?

"Hamı dəli olmaqdadır" - Qüds ictimai fikirdə və onun haqqında düşüncələr