Tutduğumuz yol haqqında
90-cı illərin əvvəllərində əl-ələ verib fədakarlıq edirdik ki, müstəqil dövlətimizi qururuq, gələcəkdə övladlarımızın azad, demokratik cəmiyyətdə yaşaması üçün çalışırıq. Bəzən həyatımızla belə risk etməyə romantika kimi yanaşır, bunun bizim nəslin taleyinə yazılmış missiya olduğunu düşünürdük. Minlərlə azərbaycanlı gənc ailəsini, doğmalarını intizarda, səksəkədə qoyub ölkənin müdafiəsinə yollanır və nə qədər insan da bu yolda həyatını qurban verirdi. Bilirdik ki, bu yolda səhvlər də olacaq, amma sonda mütləq nəsə alınacaq. Və alındı da, indi övladlarımız talanmış, alçaldılmış, əzilmiş bir ölkədə yaşamağa məhkumdular. Ən acınacaqlısı isə budur ki, bu ölkədə heç kəs "Bəs niyə belə alındı?" sualına cavab axtarmaq istəmir. İstəməmək bir yana, əksəriyyət uğursuzluğa səbəb olmuş düşüncədən nəinki xilas ola bilmir, hətta həmin zərərli düşüncəni durmadan yeni nəsillərə aşılamağa çalışır və bu işdə xeyli uğur qazananlar da var. Nəticədə də gələcək qurmalı olanların gözü keçmişdə qalıb, sonra da hamımız dəyişikliklərin olmamasına təəccüb edirik. Təəccüblü bir şey yoxdur məncə, çünki artıq bir dəfə məğlubiyyətə gətirib çıxarmış yola davam etdikcə, məğlubiyyətlər də qaçılmazdır. Əksəriyyətimiz bunu bilə-bilə israrla həmin yolu getməkdə davam edirik. Davam edirik və məlum kəlamda deyilən sadə bir həqiqəti unuduruq: əgər yol məbədə aparmırsa, onda o, ümumiyyətlə nəyə lazımdır?
Ərəstun Oruclu
20 noyabr 2015-ci il

Yorumlar
Yorum Gönder